Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
26 sentyabr tarixində Bakıda Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya tərəfindən isə XİN-in stats-katibi – nazir müavini Qriqori Karasin rəhbərlik ediblər.
Məsləhətləşmələrdə, həmçinin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov iştirak ediblər.
Nazir müavinləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin hər iki ölkənin maraqları və ümumiyyətlə regionun sabitliyi, habelə tərəqqi üçün yeni imkanların açılması baxımından önəmli olduğunu bildiriblər. Mütəmadi xarakter daşıyan dövlət başçılarının qarşılıqlı səfərləri və bu sırada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr Soçiyə etdiyi rəsmi səfəri və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 27 sentyabr Bakıya gözlənilən işgüzar səfəri iki ölkə arasında təşəkkül tapmış intensiv dialoqun və əməkdaşlığın bariz nümunələri kimi qeyd edilib. Bu baxımdan Soçidə imzalanmış Azərbaycan və Rusiya Prezidentlərinin birgə bəyanatı, iki ölkənin hökumətləri arasında 2024-cü ilə qədər Əməkdaşlıq proqramı, Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət planı (5 “yol xəritəsi”) və çoxsaylı digər sənədlərin ikitərəfli münasibətlərin müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsinə təkan verdiyindən məmnunluq ifadə edilib.
X. Xələfov ayrı-ayrı sahələr, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və kommunikasiya, təhsil, səhiyyə və s. istiqamətlər üzrə duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini qeyd edib. İqtisadi əlaqələr üzərində dayanaraq, o, qarşılıqlı ticarət dövriyyəsinin müsbət dinamika ilə seçildiyini xüsusilə vurğulayıb. Azərbaycanın 70-ə yaxın Rusiya Federasiyasının regionları ilə əməkdaşlıq etdiyini xatırladaraq, Azərbaycan-Rusiya regionlararası forumların gözəl ənənəyə çevrildiyini misal gətirib.
Q. Karasin isə Azərbaycanla Rusiya arasında müxtəlif formatlarda, o cümlədən parlamentlərarası təmaslar, habelə müvafiq nazirliklər və qurumlar arasında əməkdaşlıq şəklində aparılan dialoqun intensiv və səmimi xarakter daşıdığını söyləyib və ikitərəfli münasibətlərə dair Azərbaycan tərəfinin səsləndirdiyi dəyərləndimələrlə həmrəy olduğunu bildirib. Rusiyanın Cənubi Qafqaz bölgəsində aparıcı mövqe tutan Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Bu mənada o, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasının bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq iqliminin təmin edilməsi və təsərrüfat fəaliyyətinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib.
Müzakirələr zamanı tərəflər müxtəlif beynəlxalq təşkilatlarda nümayiş etdirilən mövqelər və qarşılıqlı əsasda dəstək göstərilməsi məsələləri barədə fikir mübadiləsi aparıb.
X. Xələfov təəssüflə qeyd edib ki, Ermənistanın yeni rəhbərliyi beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayaraq, nəinki işğalçılıq siyasətindən çəkinir, getdikcə daha aqressiv ritorikaya yol verir. Belə məsuliyyətsiz addımların isə Rusiya Federasiyası da daxil olmaqla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin göstərdiyi vasitəçilik səyləri ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.
Q. Karasin ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizama salınması üzrə vasitəşilik səylərinin davam etdirilməsini vacib hesab etdiyini bildirib.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.