"Şəhərlərin və şəhər həyatının problemləri dünyada geniş yayılıb. Çünki dünya əhalisi artmaqdadır və bu, çətinliklər yaradır. Bir çox ölkələrdə idarəetmədə nizamsızlıq və əvvəlki vəziyyətlərdən yaranan problemlər mövcuddur. Hökumətlər bu vəziyyətləri düzəltmək üçün çalışırlar. Bu baxımdan, Bakıda keçirilən forum mühüm əhəmiyyət daşıyır".
Bunu Oxu.Az-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Əfqanıstan İslam Əmirliyinin Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin baş direktoru Mutiul Haq Nabi Xil deyib.
O bildirib ki, Əfqanıstan da eyni problemlərlə üzləşir:
"Şəhərlərdə əhali sıxlığı artıb, nizamsızlıq yaranıb. Son iyirmi ildə bu vəziyyət daha da çətinləşib. İndi məqsəd bu işləri qaydaya salmaq və şəhər sistemini daha səmərəli etməkdir. Digər ölkələrdə olduğu kimi, Əfqanıstanda da müasir və nizamlı şəhər idarəetmə sistemi qurulmalıdır. İnsanlar arasında qayda-qanunun təmin olunması və şəhərlərin düzgün şəkildə idarəedilməsi üçün işlər görülür".