Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ekspert: "ABŞ-də anti-Azərbaycan kampaniyası planlı şəkildə koordinasiya olunur"
"Aydın görünür ki, ABŞ-də anti-Azərbaycan kampaniyası planlı şəkildə koordinasiya olunur. ABŞ Konqresinin Azərbaycana qarşı münasibəti həmişə ədalətsiz olub, ikili standartlara əsaslanıb".
Bu sözləri Oxu.Az-a açıqlamasında ABŞ Konqresində müzakirəyə çıxarılan qərəzli qətnamə layihəsini şərh edən zaman Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.
O qeyd edib ki, torpaqlarımız 1990-cı illərdə işğala məruz qalanda, talan ediləndə də ABŞ qeyri-standart davranıb, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymayıb:
"Bu gün də eyni siyasəti davam etdirir. O baxımdan, ABŞ Nümayəndələr Palatasının erməniəsilli üzvü Ana Eşu və ermənipərəst üzvü Kristofer Smitin müəllifliyi ilə bu günlərdə Azərbaycana qarşı yeni qərəzli qətnamə layihəsinin irəli sürülməsinə əhəmiyyət verməmək də olar.
"Dağlıq Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə kampaniyası həyata keçirdiyi üçün Azərbaycanın qınanması" adlı bu layihə də indiyədək ABŞ Konqresində ölkəmizə qarşı irəli sürülmüş digər iftira dolu layihələrdən biridir. Amma ABŞ Konqresindəki indiki təşəbbüsə diqqət yetirməyi zərurətə çevirən nüanslar var".
Ekspert qeyd edib ki, son bir həftə ərzində təkcə ABŞ Konqresində deyil, həm də ABŞ-də mənzillənmiş ayrı-ayrı beynəlxalq statuslu təşkilatlar tərəfindən də xüsusi bir anti-Azərbaycan kampaniyasının keçirildiyi müşahidə olunur:
"ABŞ Konqresində sözügedən layihə irəli sürüldüyü bir vaxtda "Freedom House" təşkilatı da paralel kampaniya başladıb. Təşkilat "Dağlıq Qarabağda niyə ermənilər yoxdur" adlı xüsusi hesabat icmalı hazırlayaraq yayıb və həmin hesabatda Azərbaycana qarşı çox ədalətsiz ittihamlar irəli sürüb.
Bunları "International Pertnership For Human Rights", "Democracy Development Foundation", "Protection of Rights Without Borders", "Law Development and Protection Foundation", "Open Society Foundations" və s. təşkilatlar da dəstəkləyiblər.
Nümunələrin sayını artırmaq da olar. Amma çıxan nəticə birdir - çox aydın şəkildə görünür ki, ABŞ-dəki bu kampaniyalar xüsusi çevrələr tərəfindən məqsədli şəkildə koordinasiya edilir. ABŞ Nümayəndələr Palatasının satın alınmış üzvlərinin irəli sürdükləri layihə ilə beynəlxalq statuslu QHT-lərdən təşkil edilmiş "qara şəbəkə"nin eyni mərkəzdən idarə olunmasına şübhə yoxdur".
"Məsələ ondadır ki, 30 ilə yaxın müddətdə bir milyona yaxın azərbaycanlının öz doğma yurd yerlərindən qaçqın və məcburi köçkün vəziyyətinə salınmasına, Xocalı soyqırımına, Qaradağlıda, Ağdabanda, Başlıbeldə, Bağanis-Ayrımda, Ballıqayada, Tuğda etnik təmizləmələrə, 2020-ci ilin oktyabrında Gəncənin, Bərdənin raket hücumlarına məruz qalmasına, dinc insanların ölməsinə susan ABŞ Nümayəndələr Palatası, "Freedom House", Soros Fondu kimi qurumlar heç bir əsasa söykənmədən Azərbaycanı ermənilərə qarşı etnik təmizləmə aparmaqda ittiham edir, ölkəmizi Beynəlxalq Cinayət Məhkəməsi ilə hədələyir. Təbii ki, bu cür hədyanlar Azərbaycan ictimaiyyətini haqlı olaraq hiddətləndirir.
Bu iftira dolu qətnamə layihələri ABŞ-nin Azərbaycandakı nüfuzuna ağır zərbədir, qərəz, riyakarlıq, siyasi sifariş, ikili standartlar nümunəsidir. Azərbaycanı iftira dolu bu cür kağız parçaları ilə yolundan döndərmək mümkün deyil, Azərbaycan qanı və canı bahasına öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib, müharibədə özünü ləyaqətlə aparıb, dinc insanlar heç vaxt Azərbaycan Ordusunun hədəfi olmayıblar. Bu gün azad edilmiş ərazilərdə işğal vaxtı dağıntı və talançılığa ABŞ Nümayəndələr Palatası illərlə susub, bu gün də keçmiş məcburi köçkünlərin problemləri, ərazinin 1,5 milyondan çox mina və PHS ilə çirkləndirilməsi ABŞ-nin bu cür təsisatlarını qayğılandırmır", - deyə M.Ələsgərli əlavə edib.
Nəzrin Vahid
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ-də ştat qubernatoru atdan yıxıldı
- Tramp Arktikadan Ukraynadakı münaqişəyə son qoymaq üçün istifadə edə bilər
- Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə raketlərlə hücum etdilər
- ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxa bilər
- ABŞ Konqresi hökumətin maliyyələşdirilməsinə dair qanun layihəsini qəbul etdi: "Şatdaun" olmayacaq?