Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tərəflər arasında təkbətək görüşdən sonra geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr davam etdirilib.
Nazir Elmar Məmmədyarov Avropanın təhlükəsizlik arxitekturasında ATƏT-in mühüm rol oynadığını qeyd edərək bu xüsusda üzv ölkələrin ərazisində mövcud və həlli uzadılmış münaqişələrin təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayıb. Nazir Elmar Məmmədyarov fəaliyyətdə olan sədrə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verib. Nazir Ermənistan rəhbərliyinin son bəyanatlarına toxunaraq belə bəyanatların danışıqlar prosesinə ciddi xələl gətirdiyini vurğulayıb. Danışıqlar prosesində Azərbaycanın mövqeyinin dəyişilməz olduğunu söyləyən E.Məmmədyarov işğal edilmiş torpaqlarımızdan Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı köçkünlərin doğma torpaqlarına geri qayıtmasının danışıqların təməl daşı olduğunu və bu tələbin BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunduğunu söyləyib.
Miroslav Layçak Slovakiyanın ATƏT-ə sədrliyi dövründə müəyyən etdiyi prioritetlərə toxunaraq münaqişələr və onların humanitar nəticələrinin qarşısının alınması, vasitəçilik edilməsi və yumşaldılması məsələsinin bu sırada olduğunu diqqətə çatdırıb. O, bu baxımdan səfərinin münaqişə ilə bağlı vəziyyətə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət yaratdığını bildirib.
Tərəflər Azərbaycan-ATƏT əməkdaşlığının gündəliyində duran bir sıra məsələləri də müzakirə ediblər. ATƏT-in iqtisadi və ətraf mühit məsələlərindən ibarət ikinci ölçüsü üzrə əməkdaşlığın canlandırılması məsələsinə toxunan nazir E.Məmmədyarov bağlılıq məsələlərinə xüsusi diqqət ayrılmasını qeyd edib. O, slovakiyalı həmkarına “Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu” üzrə keçirilən xarici işlər nazirlərinin dördtərəfli görüşü barədə məlumat verib.
ATƏT-in ikinci ölçüsü üzrə əməkdaşlığın inkişaf etdirilməsi fikrini dəstəkləyən fəaliyyətdə olan sədr bu xüsusda ATƏT-in İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi Ofisi ilə birlikdə hazırlanmış “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsini qeyd edib.
Azərbaycan-Slovakiya münasibətlərinə toxunan nazirlər Slovakiyanın Baş nazirinin ölkəmizə səfərinin nəticələrini yüksək qiymətləndiriblər. Bu xüsusda, slovakiyalı diplomat tezliklə ölkəsinin Azərbaycanda diplomatik nümayəndəliyinin açılması ilə bağlı siyasi qərarını vurğulayaraq, bu qərarın ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini bildirib.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
13:24
Bakıda xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak arasında görüşü başlayıb.
Oxu.Az-ın məlumatına görə, görüş zamanı Azərbaycan və ATƏT əməkdaşlığının inkişafı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Azərbaycandan sonra Ermənistana səfər edəcək.