"İqlim dəyişikliklərinin nəticələri dünyanın hər yerində hiss olunur: quraqlıqlar, su qıtlığı, ekstremal təbiət hadisələri - meşə yanğınları, daşqınlar, dəniz səviyyəsinin qalxması, daxili su hövzələrinin azalması, buzlaqların əriməsi, eləcə də torpaqların deqradasiyası və biomüxtəlifliyin itirilməsi bu təsirlərin ən bariz nümunələridir".
Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan "Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün Strateji Ekoloji Qiymətləndirmə bir alət kimi" adlı tədbirdə çıxışında deyib. O bildirib ki, şəhərlərimiz də bu hadisələrin təsirinə məruz qalır:
"Artıq şəhərlərin inkişafı və məskunlaşmanın təmin edilməsi yalnız iqtisadi göstəricilərlə deyil, həm də ətraf mühitin qorunması, sosial rifah və iqlim dayanıqlılığı prinsipləri nəzərə alınmaqla planlaşdırılmalıdır. İndiki və gələcək nəsillərin tələbatını ödəmək üçün yaşıl texnologiyaların tətbiqi, enerjidən səmərəli istifadə, habelə dairəvi iqtisadiyyata və rəqəmsal idarəetməyə keçid zəruridir. Şəhərlərimizin gələcəyi torpaqların və digər təbii resursların istifadəsi, infrastruktur, yaşayış sahələri ilə bağlı verilən strateji qərarlardan, plan və proqramlardan birbaşa asılıdır".
Nazir vurğulayıb ki, "Azərbaycan 2030: Milli Prioritetlər" sənədində "yaşıl artım" iqtisadi inkişafın əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Yüksəkkeyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanın yaradılması əsas 5 hədəfdən biridir:
"Bu baxımdan yaşıl iqtisadiyyatın əsas komponenti olan Strateji Ekoloji Qiymətləndirmənin planlamada tətbiqi mühüm ekoloji idarəetmə alətidir. Strateji Ekoloji Qiymətləndirmə "Dayanıqlı şəhərlər və icmalar" və "İqlim fəaliyyətləri" kimi Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edən hədəflərimizin, eləcə də iqlim öhdəliklərimizin icrasının planlaşdırma mərhələsində izlənməsinə imkan verir".