"Ukrayna əraziləri hansısa sənəd əsasında həmişəlik başqa dövlətin nəzarətinə keçə bilməz".
Bu fikirləri Oxu.Az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O, ABŞ-nin təqdim etdiyi sülh planına münasibət bildirərkən vurğulayıb ki, Ukraynanın sərhədləri yalnız referendumla dəyişdirilə bilər:
"İlkin sülh planında nəzərdə tutulduğu kimi, ərazilərin Rusiyaya verilməsi daimi ola bilməz. Hansısa sənədin qəbulu bir ölkənin torpaqlarından imtina etməsi anlamına gəlməməlidir. Ukrayna Konstitusiyasına görə, sərhədlər referendumla dəyişdirilməlidir. Ərazidən imtina yalnız müvəqqəti ola bilər. Atəşkəsdən sonra danışıqlar mərhələsi başlayacaq. Sənəddə əsas problemlərdən biri də odur ki, qeyri-müəyyənlik mövcuddur. Hazırkı vəziyyətdə Rusiya bu planı yekun sənəd kimi qəbul etdirmək istəyir. Ukrayna isə razı deyil. Lakin rəsmi Moskva bununla bağlı hələ mövqe bildirməyib. Hesab edirəm ki, proses uzun çəkəcək. Beynəlxalq hüquqa əməl olunmalıdır. Hazırda Qərb gözləyir ki, Ukraynanın yekun mövqeyi bəlli olsun. Məncə, Ukrayna planı qəbul etsə də, Rusiya sənədin müvəqqəti xarakter daşımasına görə layihəyə razılıq verməyəcək".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, sözügedən plan Ukraynanın ərazi bütövlüyünü sual altına alır.

O bildirib ki, bu, rəsmi Kiyevin əleyhinə işləyə bilər:
"Maraqlı tərəf ondan ibarətdir ki, Rusiya hələ də planla bağlı səssiz qalır. Həmçinin Ukrayna tərəfi də reallığı anlayır. Başa düşürlər ki, Krımı geri qaytarmaq çətindir. Planda bir bənd var ki, Ukrayna Donetsk və Luqanskdan çıxmalıdır. Halbuki həmin ərazilərin bir hissəsi hələ də Ukraynanın nəzarətindədir. İnanmıram ki, Zelenski bununla razılaşsın. Düzdür, Avropadan müəyyən dəstək alırlar. Lakin Qərbin özü də ABŞ-nin ilkin sənəd layihəsini qəbul etmirdi. Ukraynanın isə Birləşmiş Ştatların dəstəyinə ehtiyacı var. Bu dəstək kəsilərsə, inanmıram ki, Kiyev Kreml qarşısında ağ bayraq qaldıracaq. Hansı ölkə öz ərazilərindən imtina edər? Azərbaycan da heç vaxt işğalla barışmadı və sonda torpaqlarını işğaldan azad etdi. Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev ukraynalı jurnalistin sualına cavab olaraq demişdi ki, heç vaxt işğalla barışmayın. Qısası, Ukrayna ərazilərini təhvil vermək istəməyəcək. Rusiya isə dondurulmuş maliyyə aktivlərinin Ukraynaya yönəldilməsindən narazıdır".
Aqil Vəlili