Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Üç nüvə nəhənginin “bölə bilmədiyi” Kəşmir - TƏHLİL
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistana səfəri zamanı Kəşmirlə bağlı səsləndirdiyi fikirlər Hindistanda ciddi etiraza səbəb olub. Artıq Türkiyənin Dehlidəki səfiri Hindistan XİN-ə dəvət olunub və ona belə açıqlamaların əlaqələrə mənfi təsir edəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Məsələ ondadır ki, Türkiyə prezidenti ötən həftə Pakistana səfəri zamanı bu ölkənin parlamentində çıxış edib, bu zaman Kəşmirlə həmrəy olduğunu və bu məsələdə Pakistanı dəstəklədiyini bəyan edib. Eyni zamanda, Ərdoğan Hindistan hökumətinin qərarlarının Kəşmirdə gərginliyi artırdığını bildirib.
Hindistan isə bu bəyanatlara sərt reaksiya verib. Hindistan hökuməti Kəşmiri özünün ayrılmaz hissəsi olduğunu bildirir. Hindistan XİN-in açıqlamasında qeyd olunur ki, Türkiyə səfirinə Prezident Ərdoğanın Kəşmir məsələsinin tarixini anlamadığı bildirilib. Eyni zamanda, bu açıqlama Türkiyənin digər ölkələrin daxili işlərinə qarışması kimi qiymətləndirilib.
Türkiyə və Hindistan arasında Kəşmir mövzusuna görə gərginlik daha əvvəl də yaranıb. Hətta Türkiyə prezidentinin BMT-də Kəşmirlə bağlı çıxışına etiraz olaraq Hindistanın baş naziri Türkiyəyə səfərini ləğv edib. İndi isə Ərdoğann Pakistan parlamentindəki çıxışı Dehlini qəzəbləndirib.
Məlum olduğu kimi, Hindistan hökuməti uzun illərdir mübahisə mövzusu olan Kəşmir vilayətinin muxtariyyət statusunu ləğv edərək, Hindistan federal hökumətinə tabe edib. Bu qərar müsəlman aləmində ciddi etiraz doğurub, hətta Pakistanla Hindistan arasında sərhəddə toqquşmalara və qarşılıqlı olaraq iki tərəfin bir-birinin təyyarəsini vurmasına səbəb olub. Türkiyə, Malayziya kimi ölkələr Hindistanın qərarını tənqid edib və ona yenidən baxmağa çağırıb. Ərdoğan isə Kəşmir məsələsinin “yerində həllini” təklif edib.
Lakin Hindistan geri çəkilmək fikrində deyil. İslam aləminin Qüdsdən sonra əsas problemi kimi uzun illərdir hallandırılan və “Asiyanın Fələstini” adı verilən Kəşmir haqqında nələr məlumdur? Bu vilayətə daha çox kimin haqqı var?
Qeyd etmək lazımdır ki, Kəşmir vilayəti artıq 73 ildir ki, Hindistan və Pakistan arasında münaqişə və üç müharibəyə səbəb olub. 1947-ci ildə Pakistan və Hindistan dövləti yarandıqdan sonra hər iki dövlət Kəşmirə iddia edib. İki il davam edən birinci müharibədən sonra Kəşmirin bir hissəsi Pakistana birləşdirilib. Vilayətin əsas hissəsi isə 1952-ci ildə Hindistan hakimiyyətinə daxil edilib.
Sonrakı illərdə isə Kəşmirin şimal hissəsi Çin tərəfindən ələ keçirilib. Ancaq əhalisinin çox hissəsi müsəlman olan Kəşmirdə əhali Pakistana birləşmək tələb edir. Bu səbəbdən də zaman-zaman Hindistan ordusu və polislə Kəşmirdə toqquşmalar qeydə alınır. Belə silahlı hücumları bir qayda olaraq islamçı silahlı qruplar həyata keçirir.
Hindistan və Pakistan arasında ötən 73 ildə üç böyük müharibə və bir neçə lokal toqquşmalar baş verib. Birinci müharibə 1947-ci ildə Hindistan-Pakistan arasında qeydə alınıb.
Kəşmir uğrunda başlayan bu müharibədə vilayətin kiçik bir hissəsi Pakistanın nəzarətinə keçib. 1952-ci ildə Kəşmirdə keçirilən referendumdan sonra vilayətin əsas hissəsi Hindistanın nəzarətinə verilib.
Ancaq Pakistan Kəşmirin itirilməsi ilə barışmayıb. 1965-ci ildə ikinci Kəşmir müharibəsi baş verib. Pakistan ordusu hücuma keçərək Kəşmirə daxil olub. Tankların da kütləvi şəkildə istifadə olunduğu savaş bir neçə ay davam edib, ancaq yekunda tərəflərdən heç biri tam üstünlük qazana bilməyib.
Üçüncü Hindistan-Pakistan savaşı isə Banqladeşdə üsyanın ardınca baş verib. Daha sonra savaş daha da genişlənib və nəticədə, 1971-ci ilin dekabrın 15-də müharibə 90 min pakistanlı hərbçi və məmurun əsir düşməsi, Banqladeşin isə Pakistandan ayrılaraq müstəqil dövlət elan olunması ilə başa çatıb.
Bundan sonra Hindistan və Pakistan arasında düşmənçilik daha da dərinləşib və zaman-zaman xüsusən də Kəşmirdə hərbi qarşıdurmaya çevrilib. 1999-cu ildə Kəşmirdə iki ölkə qüvvələri toqquşub. Ancaq bu toqquşmalar genişmiqyaslı əməliyyata çevrilməyib.
Ən son olaraq ötən ilin fevralında “Ceyşi Məhəmməd” qruplaşması Kəşmirdə Hindistan ordusuna qarşı hücum həyata keçirib. Radikal islamçı təşkilat olan “Ceyşi Məhəmməd” (Məhəmməd ordusu) Kəşmirin Pakistana birləşdirilməsini tələb edən və bunun üçün silahlı mübarizə yolunu seçən təşkilatdır.
“Ceyşi Məhəmməd” təşkilatı 1999-cu ildə Pakistandan olan din xadimi, Əfqanıstan Talibanı ilə əlaqələri olan Məsud Azhar tərəfindən yaradılıb. Daha əvvəl Hindistanda həbs olunan Azhar Əfqanıstana qaçırılmış Hindistan Hava Yollarına məxsus təyyarənin heyəti və sərnişinləri ilə dəyişdirilib. Azhar bundan əvvəl Taliban lideri Molla Ömər və Əl-Qaidə lideri Usama bin Ladenlə görüşüb. Bu günə qədər bir sıra terror hücumlarının məsuliyyətini “Ceyşi Məhəmməd” öz üzərinə götürüb. Ancaq 2011-ci ildə Dehlidə Hindistan parlamenti binasına həyata keçirilən terror hücumuna görə “Ceyşi Məhəmmədi” ittiham etsə də, təşkilat ittihamları rədd edib. Məhz bu hadisədən sonra Pakistan hökuməti “Ceyşi Məhəmmədi” təşkilatının fəaliyyətini yasaqlayıb.
Hindistanla yanaşı, BMT, ABŞ, Britaniya və daha bir neçə ölkə “Ceyşi Məhəmməd” təşkilatını terror qruplaşması kimi tanıyıb. 2017-ci ilin dekabrında “Ceyşi Məhəmməd” təşkilatının hərbi qanadının komandiri Nur Məhəmməd Tantray Hindistan ordusu tərəfindən öldürülüb və bu hadisə qruplaşmaya ciddi zərbə olub.
Hindistan hökuməti dəfələrlə Azharı tələb etsə də, Pakistan hökuməti “yetərli dəlil olmadığını” əsas gətirərək imtina edib. Maraqlıdır ki, Hindistan BMT-də Azharın qlobal miqyasda terrorçu elan olunması ilə bağlı məsələ qaldırsa da, Çinin veto etməsi səbəbilə bu qanun qəbul olunmayıb. Çünki Çin də bu münaqişədə tərəflərdən biridir.
Himalay dağlarında bir vadinin adından gələn Kəşmir vilayətinin ümumi ərazisi 222,236 kv.km-dir. Hazırda Kəşmirin ümumi ərazisinin 78,114 kv.km-lik hissəsi Pakistan ərazisinə daxildir. Bu ərazinin 11,639 kv.km-lik hissəsi Azad Kəşmir əyaləti adı verilmiş inzibati bölgədir. Azad Kəşmir ərazisində dörd milyona yaxın əhali yaşayır.
Kəşmir ərazisinin təxminən 20 faizi, ya da başqa sözlə, 42,685 kv.km-lik hissəsi Çinin tərkibindədir.
Kəşmirin Hindistana məxsus hissəsinin ərazisi isə 101,307 kv.km-dir. Cammu-Kəşmir adı verilən muxtar vilayətin 12,5 milyon (2011-ci ilin statistikasına əsasən) əhalisi var. Cammu-Kəşmirin inzibati mərkəzi Sirinqar şəhəridir.
Bölgə əhalisinin böyük hissəsi müsəlmanlardır. 2011-ci il statistikasına əsasən, Kəşmir əhalisinin 68,3 faizini müsəlmanlar, 28,4 faizini isə hindular, yerdə qalan hissəsini isə digər etnik və dini qruplar təşkil edir. Eyni zamanda, Kəşmir vadisində əhalinin 94,4 faizi, Cammu rayonunda isə 33,4 faizi müsəlmanlardır. Cammu rayonunda hinduların sayı 62,5 faizdir. Cammu rayonunda da əhalisinin 60 faizdən çoxunu müsəlmanların təşkil etdiyi Çenab vadisi və 74,5 faizini təşkil edən Pir Pançal rayonları var.
Hindistan hakimiyyəti Kəşmirdə müsəlman təşkilatlarının silahlı hücumlarını bəhanə gətirərək, Kəşmirin xüsusi statusunu ötən ilin avqustunda ləğv edib. Bu addım isə 73 ildir davam edən Kəşmir münaqişəsini nəinki həll etmir, əksinə, daha da dərinləşdirir. Məsələnin problemli tərəfi odur ki, dünyanın ən zəngin münbit torpaqlarından biri olan Kəşmir münaqişəsində üç maraqlı tərəf olan Hindistan, Pakistan və Çin nüvə dövləti və dünya iqtisadiyyatının nəhəngləridir. Bu səbəbdən indi bu münaqişə təkcə üç ölkənin və ya müsəlman dünyasının məsələsi olmaqdan çıxıb. Və yəqin ki, bu səbəbdən də yaxın illərdə həlli mümkün deyil.
Rəşad Quliyev
"Banqladeş" teqi üzrə xəbərlər
- Banqladeşdə insanların ağıllarını itirdikləri sirli "Güzgülər evi" tapıldı
- Banqladeşdəki daşqınlardan milyonlarla insan zərər çəkib
- Banqladeş diplomatik nümayəndələrini əvəzləyir: Qərar hansı ölkələrə aid edilir?
- Banqladeşin keçmiş baş nazirinə qarşı ölüm ittihamı ilə cinayət işi açılıb
- Yeni hökumət başçısı seçilmiş UNEC rektorunun müşaviri korrupsiya ittihamlarından bəraət alıb