Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
XİN: Paşinyan öz xalqını sülh prosesi yolunda yanıldaraq aldatmamalıdır
Ermənistan baş naziri vəzifələrini icra edən Paşinyanın təkrarən səsləndirdiyi “Qarabağ rəhbərliyi münaqişənin həlli prosesinə qatılmayınca, biz problemin həllindən uzağıq” açıqlaması münaqişənin mövcud format əsasında danışıqlar yolu ilə həllinə xələl gətirir, “status kvo”nun möhkəmlənməsinə və gərginliyin yaranmasına xidmət edir.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistan baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın münaqişənin həlli prosesi ilə bağlı son bəyanatına şərhində deyib.
O qeyd edib ki, seçki öncəsi dövrdə Ermənistan rəhbərliyinin səsləndirdiyi bu kimi əsassız bəyanatlar daha çox daxili auditoriyaya hesablanıb.
“Ermənistan rəhbərliyi ölkəsinin gələcək inkişafını düşünərək münaqişənin tezliklə həlli istiqamətində real addımlar atmalı, öz beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edərək Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır.
Ermənistanın baş naziri vəzifələrini icra edən Paşinyan öz xalqını sülh prosesi yolunda yanıldaraq aldatmamalıdır. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə bəyan etdiyi kimi hazırkı status quo vəziyyəti dayanıqlı deyil və qəbuledilməzdir”.