Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Prezident İlham Əliyevə və xalqımıza ölkəsinə göstərilən həmrəylik və dəstəyə görə minnətdarlığını ifadə edib.
Oxu.Az xəbər verir ki, bu barədə ukraynalı diplomat Azərbaycan liderinə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsini təqdim etdiyi görüşdən sonra özünün sosial şəbəkə hesablarında məlumat paylaşıb.
"Cənab Prezident, Ukraynanın bərpası və dəstəklənməsi istiqamətində atılan real addımlara, eləcə də həmrəyliyə görə sizə və bütün Azərbaycana təşəkkür edirik", - deyə diplomat bildirib.
Qusev qeyd edib ki, İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" adının verilməsi barədə qərar İrpen Şəhər Şurası tərəfindən 30 aprel 2026-cı ildə qəbul edilib.
Bu qərar Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən və şəhərin işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidentinin və xalqının İrpen icmasına göstərdiyi dəstəyə, verdiyi şəxsi töhfəyə verilən yüksək qiymətdir.
"Azərbaycan İrpenin yenidən qurulmasında ən vacib tərəfdaşlardan birinə çevrilib. Azərbaycanın yardımı ilə "Linqvist" İrpen humanitar liseyi və məsləhət-diaqnostika poliklinikası artıq tam bərpa olunub", - deyə diplomat bildirib.
Səfirin sözlərinə görə, gələcəkdə yaşayış binalarının inşası, idman məktəbinin, Mərkəzi Mədəniyyət Evinin bərpası və müasir incəsənət mərkəzinin yaradılması kimi yeni irimiqyaslı layihələrin həyata keçirilməsi planlaşdırılır.
Qusev əlavə edib ki, Prezident İlham Əliyevin qəhrəman şəhər olan İrpenin fəxri vətəndaşı seçilməsi qərarı eyni zamanda Ukrayna və Azərbaycan xalqları arasındakı sarsılmaz dostluğun rəmzidir.