Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin regiona səfəri başlayıb. O, regiona ilk səfəri üçün Azərbaycanı seçib. Bu gün başlayan səfər zamanı artıq Azərbaycan prezidenti İlham Əliyevlə gürcü həmkarı Salome Zurabişvili arasında görüş baş tutub.
Xanım prezidentin səfərindən gözləntilər nədir?
Oxu.Az-ın əməkdaşı bununla bağlı politoloqların fikirlərini öyrənib.
Politoloq Qabil Hüseynli deyib ki, Zurabişvilinin regionda səfər üçün ilk olaraq Azərbaycanı seçməsi təsadüfi deyil, bu, Gürcüstan arasında strateji tərəfdaşlıq bağları ilə əlaqədardır. Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın ən çətin günlərində, xüsusən də Rusiyanın Gürcüstana hücumu zamanı bu ölkənin yanında olub və Gürcüstana hərtərəfli yardım göstərib.

“Rusiya Gürcüstana qaz verilməsini dayandırdıqda Azərbaycan bütünlükdə Gürcüstanın qazla təmin edilməsi məsələsini öz üzərinə götürüb. Azərbaycan uzun müddət Gürcüstanı təmənnasız olaraq qaz və elektrik enerjisi ilə təmin edib.
Azərbaycanın bu gün həyata keçirdiyi bir sıra beynəlxalq layihələr, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Supsa neft kəməri xətti, TANAP layihələri Gürcüstan ərazisindən keçir və bu ölkəyə çox böyük mənfəət gətirir.
Bu gün Gürcüstan büdcəsinə daxilolmaların 42 faizi Azərbaycanın gerçəkləşdirdiyi layihələr hesabınadır. Üstəlik, bu gün Azərbaycan Gürcüstanı həm qazla, həm neft və neft məhsulları ilə, həm də qismən elektrik enerjisi ilə təmin edir”, - o bildirib.
Q.Hüseynli hesab edir ki, son vaxtlar Azərbaycanla Gürcüstan arasındakı münasibətlərdə müəyyən soyuqluqlar müşahidə edilir:
“Zurabaşvilinin bu səfərində əsas məqsəd Azərbaycanla münasibətləri əvvəlki səviyyəyə qaldırmaq üçün cəhdlər etməkdən ibarətdir. Sözsüz ki, Azərbaycan bu münasibətlərin dostluq və mehribanlıq səviyyəsində olmasını istəyir. Güman edirəm ki, bu səfər Zurabaşvili üçün ciddi sınaqdır və onun qarşısında Azərbaycan tərəfi ciddi məsələlər qaldıracaq”.
Millət vəkili, politoloq Elman Nəsirli isə düşünür ki, Zurabişvilinin ilk regional səfərini Azərbaycandan başlaması onun Azərbaycanın Gürcüstan üçün strateji əhəmiyyətini düzgün qiymətləndirdiyinin göstəricisidir:
“Salome Zurabişvilinin məhz ilk regional səfərinə Azərbaycandan başlaması Azərbaycanın Gürcüstan üçün rolunu, Azərbaycanın regiondakı statusunu, beynəlxalq aləmdəki çəkisini bir daha təsdiq edir. Bu, həm də Ermənistana bir mesajdır”.
“Salome Zurabişvili çox gözəl dərk edir ki, onun ölkəsinin Azərbaycanla bağlı çox ciddi maraqları var və bu maraqlar qarşılıqlı əməkdaşlıq münasibətlərinə söykənir. Ona görə hesab edirəm ki, Zurabişvilinin Azərbaycanda keçirəcəyi görüşlər iki ölkə arasındakı münasibətlərin bundan sonrakı inkişafı üçün yeni imkanlar yaradacaq və bu imkanlardan maksimum faydalanmaq lazımdır”, - E.Nəsirov qeyd edib.
Samir İsayev