Hazırda prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla bağlı müvafiq proseslərinin daha səmərəli formada tənzimlənməsi məqsədi ilə İşçi Qrup formalaşıb.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “ASAN xidmət”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.
Onun sözlərinə görə, fərmanın icrasına qısa müddətdə başlanılıb:
“Yanvarın 17-də prezident İlham Əliyev bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərinin yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi tapşırılıb.
Bununla da, “ASAN xidmət” mərkəzləri müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir”.
Elnur Niftəliyev qeyd edib ki, bu il ərzində “ASAN xidmət” mərkəzlərinin sayı artırılacaq:
“Hazırda müvafiq proseslərinin daha səmərəli formada tənzimlənməsi məqsədilə İşçi Qrup formalaşdırılıb. Həmçinin, aidiyyəti qurumlarla birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir. Fərmanın icrasına ən qısa müddətdə başlanılacaq. Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.
Onlardan beşi paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. 2019-cu ilin sonuna kimi “ASAN xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq”.
İlhamə Əbülfət
Rəylər