Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Stalin Lənkəranda olub: Sovet liderinin qaçdığı zindan - FOTO/VİDEO
Azərbaycanda bir çox tarixi memarlıq abidələri haqqında bu günə qədər müxtəlif fikirlər səsləndirilir.
Belə abidələrdən biri Lənkəran rayonunda, Sütəmurdov körpüsü yaxınlığında yerləşən tarixi Dairəvi qaladır.
Müxtəlif mənbələrin məlumatına əsasən, zamanında bu qalada adını tarixə yazan sovet lideri İosif Stalinlə (İosif Vissarionoviç Cuqaşvili) yanaşı üç minə yaxın məhbus saxlanılıb.
Əsaslı təmirə ehtiyacı olan tarixi Dairəvi Qalanın (Zindan) 1747-1786-cı illərdə Lənkəran qalası ilə eyni vaxtda inşa edildiyi yazılır.
Mühüm müdafiə rolu oynayan qalanın kim tərəfindən tikildiyi dəqiq məlum olmasa da, əksər mənbələrdə onun 1747-1786-cı illərdə Nadir şahın göstərişi əsasında tikildiyi qeyd edilir.
Dairəvi qalanın tarixi haqqında araşdırma aparan tədqiqatçı-tarixçi İldırım Şükürzadənin Oxu.Az-a verdiyi məlumata görə, qala mühüm müdafiə məqsədilə tikilsə də, 100 ilə yaxın zindan kimi fəaliyyət göstərib:
“Dairəvi qala və ona bənzəyən ikinci tikili Lənkəran Mayakıdır. Bu iki tikili 18-ci əsrdə ruslar tərəfindən tikilmiş Lənkəran qala sisteminin cənub və şimal dayaq məntəqələri hesab olunurdu.
Dairəvi qalanın hündürlüyü 20 metr, diametri isə 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir. 1869-cu ildə cənub qütbü hesab olunan Dairəvi qala hərbi qüvvələrin əlinə keçib və 1869-1970-ci ildə qədər, 1 əsr zindan kimi istifadə olunub.
Dairəvi qalada gizli yollar olub ki, bu qalaya gətirilən məhbusların kimliyi gizli saxlanılsın. Yeraltı keçidlər “Dairəvi qala”nı Lənkəran mayakı, Xan sarayı, “Böyük bazar məscidi” ilə birləşdirirmiş”.
Müxtəlif mənbələrdə Stalinin Dairəvi qalaya həbs edilməsinə dair məlumatlar qeyd olunub. Lakin tədqiqatçı deyir ki, Stalinin Lənkərana gəlməsi təsadüf olmayıb:
“Məndə olan məlumata görə, İosif Stalin ilə Masallı rayonu, Qızılağac kəndindən olan Qoçu Məmməd adlı şəxs arasında şəxsi münasibətlər olub.
O bilirdi ki, Stalin poçt qatarını qarət edəcək və Stalin də məhz onun bələdçiliyi ilə işlərini görürdü. Lakin buna baxmayaraq Stalin tutularaq gizli tunellərlə Zindan qalasına (Dairəvi qala) gətirilib.
Mənbələrin yazdığına görə, Stalin 1903-1904-cü illərdə bu qalada həbsdə olub.
Sonralar Qoçu Məmmədin nəvəsi babasının 1902-ci ildə Stalin ilə birlikdə çəkilən fotosunu yayımlayıb.
Elə Stalini gizli yollarla həbsdən qaçıran da Qızılağaclı Qoçu Məmməd olub. Bu barədə onun nəvəsi özü də danışırdı.
Əksər məlumatlar dildən-dilə, o dövrdə yaşayan və bu hadisələri eşidən insanların dilindən eşidilib.
Deyilir ki, Stalini aparan gəmiçi onu Bakıya aparmalı idi, lakin riskli olduğu üçün Stalin Salyanda düşüb. Sovet lideri gəmidən düşəndə özünü “Koba” kimi təqdim edib və ona pul verib. “Koba” da Stalinin ləqəbi olub. Ehtimal olunur ki, Stalin oradan da gəmi vasitəsilə Bakıya gedib. Amma ona daha kimin kömək etdiyi barədə məlumat yoxdur”.
Məlumatlara görə, həbsxana 140 məhbus üçün nəzərdə tutulsa da, 236 nəfərdən 310 nəfərə qədər məhbus saxlanılıb.
1907-ci ildə zindanda 2368 nəfər məhbus, 1911-ci ildə isə 2668 nəfər məhbusun saxlandığı qeyd edilir.
1907-1911-ci illər ərzində bir neçə həbsxana rəisləri dəyişib ki, son iki ildə müvafiq olaraq Nüsrət Məmmədov və Babaxan Cahangirovun həbsxana rəisi olduqlarına dair qeydlər var.
Dairəvi qala 1970-1990-cı illər ərzində tikiş fabriki, 2014-cü ildən bu günə qədər isə Lənkəran Rəsm Qalereyası kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə ölkə əhəmiyyətli tarixi abidə hesab olunan Dairəvi qala dövlət tərəfindən mühafizə olunur.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatına görə, 2018-2021-ci illər üzrə investisiya proqramı layihəsi çərçivəsində Lənkəran şəhərində yerləşən “Dairəvi Qala”nın tam hissəsinin bərpası nəzərdə tutulur.
Stalinin saxlandığı qala turistlərin də marağına səbəb olur. Bizə bələdçilik edən xanımlardan birinin dediyinə görə, Stalin qalada gün işığı görməyən hücrədə saxlanılırdı. Xüsusilə bura Rusiyadan olan turistlər daha çox maraq göstərir.
Könül Cəfərli
Foto: Ramil Zeynalov
Video: Billurə Mikayıllı, Valeh Arifoğlu
"Azərbaycan" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
Rəylər