Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi - FOTO/VİDEO
Bakı şəhəri də daxil olmaqla, ölkənin on şəhər və altı rayonunda xüsusi karantin rejiminin sərtləşdirilməsinin tətbiqi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyul ayının 18-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 000 nəfər əməkdaşı tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti - səkkizinci əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, axşama kimi mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq.
Dezinfeksiya tədbirlərində Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə gün ərzində keçirilən bu işlərdə fəal iştirak edir.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan 11 mindən çox yaşayış binalarında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdirirlər.
Dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq, kommunal xidmətlərin işçiləri lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, yeni dezinfeksiyaedici aparatlarla təmin ediliblər.
Bildirilir ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı infeksiyadan qorumaqdır. Bu istiqamətdə hər cür tədbirlər görülür. Lakin onlar köməkçi xarakter daşıyır. Ən vacibi vətəndaşlarımızın özlərinin müvafiq qaydalara riayət etməsidir.
Qeyd edək ki, dünən Bakı sakinlərinə dezinfeksiya işləri ilə əlaqədar olaraq, zərurət olmadıqca evdən çıxmamaqla bağlı xəbərdarlıq edilmişdi.