Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İki rayonda yeni reabilitasiya mərkəzləri açılacaq
“Son 3 il ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində fəaliyyət göstərən 12 reabilitasiya mərkəzi əsaslı təmir edilərək müasir avadanlıqlarla təmin edilib”.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.
O bildirib ki, cari il ərzində ölkənin ən böyük reabilitasiya mərkəzi olan Şağan Reabilitasiya Pansionatının yenidənqurmadan sonra açılışı olub:
“Mərkəzdə 250 çarpayı ehtiyatı var. Əlilliyi olan şəxslər elektron növbəyə duraraq bu xidmətlərdən yararlana bilərlər. Hazırda Agentliyin tərkibində 13 reabilitasiya mərkəzi fəaliyyət göstərir və yaxın zamanlarda iki yeni uşaq reabilitasiya mərkəzi fəaliyyətə başlayacaq. Biri iki həftə ərzində Qəbələdə, digəri isə Şəmkirdə açılacaq uşaq reabilitasiya mərkəzidir ki, əlilliyi olan şəxslərin bu xidmətlərdən yararlanması üçün müraciət etmələri kifayətdir”.
“Bu ilin 10 ayında reabilitasiya mərkəzlərimizdə 6 450 nəfərə xidmət göstərilib. Onlardan 4149 nəfəri stasionar müalicəyə (iki həftəlik reabilitasiya kursları nəzərdə tutulur - red.), 600-dən çox adam ambulator reabilitasiya müalicələrinə cəlb olunub. Eyni zamanda 261 icma əsaslı, 272 onlayn xidmət göstərilib. Ümumilikdə reabilitasiya mərkəzlərimiz qazilərimizə müvafiq sosial-psixoloji yardımların göstərilməsində aktiv iştirak edib. Cəmi 10 115 seans həyata keçirilib” - deyə o qeyd edib.
Könül Cəfərli
Rəylər