Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, cavab oyunları çərçivəsində baş tutacaq iki qarşılaşma həm də 2019-cu ilin son matçları olacaq.
Günün ilk görüşü Sumqayıtda keçiriləcək. Yarımfinala yüksəlmək iddiasında olan eyniadlı komanda “Neftçi”ni qəbul edəcək. Dörd gün öncə səfərdə minimal hesabla (1:0) qələbə qazanan meydan sahibləri bu üstünlüyü qorumağa çalışacaq. Qonaqlar isə bir il əvvəl onları mübarizədən kənarlaşdıran rəqibdən qisas almalıdır.
Həm günə, həm də futbol ilinə “ASCO Arena”da yekun vurulacaq. “Keşlə” “Qarabağ”ı qəbul edəcək. Ağdamlılar evdəki 1:0 hesablı qələbədən sonra üstünlüyə malikdir. Paytaxt təmsilçisi bu məğlubiyyətin əvəzini çıxmaq əzmindədir.
Azərbaycan kuboku
1/4 final, cavab oyunları
20 dekabr
17:00 “Sumqayıt” – “Neftçi”
Baş hakim: Rəvan Həmzəzadə
Sumqayıt. “Kapital Bank Arena”
20:00 “Keşlə” – “Qarabağ”
Baş hakim: Rauf Cabbarov
Bayıl. “ASCO Arena”
Qeyd edək ki, dünən “Qəbələ” “Sabah”ı 3:2 (ilk oyun – 3:0), “Zirə” əlavə vaxtda “Səbail”i 1:0 (ilk oyun 0:0) yenərək yarımfinala yüksəlib.