Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
10 noyabr bəyanatından sonra ilk genişmiqyaslı toqquşma: Ermənistan rəzilliyin yeni mərhələsinə keçdi – ŞƏRH
Noyabr ayının 10-dan etibarən Azərbaycan-Ermənistan sərhədinin Şərqi Zəngəzur hissəsində baş verən insidentlər noyabrın 16-da özünün pik həddinə çatdı.
Ermənistan silahlı qüvvələrinin avantürası xarakterinə görə 10 noyabr Üçtərəfli Bəyanatından sonra ilk genişmiqyaslı təxribat idi.
Hadisələrin baş verməsindən öncəki bir neçə məsələyə diqqət yetirmək vacibdir.
Birincisi, noyabrın ilk ongünlüyündə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş planlaşdırılırdı. Kremlin mətbuat katibi Dmitri Peskovun üçtərəfli görüşə dair verdiyi ilk açıqlamada tərəflərin danışıqlar masasına oturacaqlarına işarələr edilirdi.
Ancaq üstündən bir neçə gün keçəndən sonra Peskov əvvəlki açıqlamasına redaktələr etdi, o, təmasların nəzərdə tutulmadığını bəyan etdi.
Kremldən gələn açıqlamalar onu göstərirdi ki, Paşinyan hansısa səbəblərə görə bu görüşə gəlməkdən boyun qaçırıb. Burada iki versiya səsləndirə bilərik:
1. Nikol Paşinyan Azərbaycanın diktəsi ilə növbəti güzəştlərə məcbur edilib, amma bunun görüş vasitəsilə ictimailəşdirilməsini istəmir;
2. Paşinyan yenidən vaxt qazanaraq Ermənistan rəhbərliyini hərbi avantüraya sürükləyir, itirilmiş mövqeləri geri qaytarmaq üçün cəhdlər edir.
Bu versiyaların birini digərindən ayrı tutsaq, aydın təsəvvürlər yarada bilməyəcəyik, yəni Paşinyan birbaşa və ya dolayı yollarla eyni anda iki stula oturmaq istədi, amma bu, İrəvana baha başa gəldi.
İkincisi, Azərbaycan Gorus-Qafan yolunda daha bir gömrük postu quraraq (Çakaten kəndində) Ermənistan ətrafındakı mühasirəni daraltdı, bu, ermənilərin Şuşadakı və Qaragöldəki təxribatlarına adekvat cavab tədbirinin tərkib hissəsi idi.
Baş verənlərdən dərs çıxarmayan Ermənistan hərbi komandanlığı emosiyalarını qızışdıraraq təxribatı yeni mərhələyə keçirdi: sərhədin Gədəbəy, Tovuz, Laçın, Kəlbəcər istiqamətlərində Azərbaycan mövqelərini atəşə tutan akt həyata keçirdi, şiddətli döyüşlər isə Laçın və Kəlbəcərdə baş verdi.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarından qısa çıxarışlarla noyabrın 16-da baş verən hadisələri xatırladaq:
1. Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər və Laçın rayonları sahəsində yerləşən yüksəklikləri ələ keçirmək istəyib. Məqsədləri daha əlverişli mövqelərə yiyələnməklə hərbi üstünlük qazanmaq olub;
2. Azərbaycan Ermənistan silahlı bölmələrini geri oturdub, hərbi qənimətlər ələ keçirilib, erməni hərbçilər əsir götürülüb;
Ermənistan Müdafiə Nazirliyi isə iki döyüş mövqeyinin itirilməsini bildirib, bir hərbçinin öldüyünü, 13 nəfərin saxlanıldığını, 24 nəfərin aqibəti barədə isə məlumat olmadığını bəyan edib.
NƏTİCƏ: Ermənistanın bütün təxribat və avantürası iflasa uğrayıb.
Beynəlxalq reaksiya
Noyabrın 16-da vəziyyətə dair Türkiyə, Rusiya, Avropa İttifaqından Bakıya zənglər edilib:
1. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycanın müdafiə naziri Zakir Həsənova zəng edib;
2. Türkiyənin müdafiə naziri Hulusi Akar Zakir Həsənova zəng edib,
3. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan bütün danışıqlar zamanı operativ qaydada beynəlxalq ictimaiyyətin diqqətinə real vəziyyəti çatdırıb.
Beynəlxalq aləmdən gələn çağırışların xarakteristikasında baş verənlərdən narahatlıqlar ifadə olunub, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlara başlamağın vacibliyi vurğulanıb.
Azərbaycan özü də sərhədlərin delimitasiya və demarkasiyasını istəyir, lakin Ermənistan prosesə müxtəlif bəhanələrlə mane olmağa çalışır, çətinə düşəndə isə xarici ölkə və təşkilatlara müraciətlərində qorxaqlıq, acizlik, yaltaqlıq və şantaj əlamətlərini nümayiş eydirir.
Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlaması Rusiyanı şantaj etmək cəhdidir.
Təəssüf ki, döyüşlər itkisiz olmur, Azərbaycan tərəfi bu döyüşlərdə 7 şəhid verdi, 10 hərbi qulluqçu isə yaralandı.
Azərbaycan bundan sonra da adekvat cavab tədbirlərini həyata keçirmək hüququnu özündə saxlayır, Ermənistan dərs çıxarmasa növbəti zərbələrə tuş gələcək.
Aqşin Kərimov
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb
Rəylər