Şair, dramaturq və aktyor Orxan Bahadırsoyun Oxu.Az-a müsahibəsi:
– Orxan, sizi tanımayan təbəqə üçün özünüzü təqdim edərdiniz...
– 25 yaşım var. Lerik rayonunun Hamarmeşə kəndində anadan olmuşam. İbtidai təhsili rayonda, orta təhsili isə Bakıya köçdüyümüz üçün müxtəlif qəsəbələrdə almışam. Neft Akademiyasına qəbul olmuşam, sonra oranı yarımçıq qoyub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və Dram Teatrı aktyorluğu” ixtisasında təhsilimi davam etdirmişəm.
– Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Biotibbi Texnologiyalar mühəndisliyi” ixtisasını niyə yarımçıq qoydunuz?
– İstəmədiyim sahə idi. Həmişə qəribə bir paradoks var idi. Mən kimya, fizikanı sevirdim, lakin onları, sadəcə, krossvord hesab edirdim. Məsələlər həll etmək, tənliklər çözmək asudə vaxtımı əyləncəli keçirmək üçün bir vasitə idi. Ədəbiyyata isə peşə kimi yanaşırdım. Bunu nə müəllimlərimə, nə də valideynlərimə izah edə bilirdim.

Onlar deyirdi ki, bu cür fizika və kimya beyni gərək humanitar fənlərə getməsin. Məhz bu səbəbdən həmin ixtisasa qəbul olundum. Lakin çox çəkmədi, birinci kursun sonlarında dərslərdən qaçıb, teatra getməyə başladım. Mənə qaib yazılırdı. Ərizəmi yazıb imtina etdim və evdən ayrıldım.
– Belə baxıram ki, universiteti atmağınız evdə etirazla qarşılanıb.
– Bəli, atam çox istəyirdi ki, bu sahələr üzrə ixtisaslaşım. Başa düşürəm, valideynlər övladlarını özlərinə layihə sayırlar, mən bunu daha sonra anladım. Bununla bağlı çox mübahisələrimiz olurdu. Bir də yaradıcılıq prosesim o qədər qəribə gedir ki, onlarla bir evdə qala bilmərəm. Bir əsər yazanda özüm üçün elə şərait yaradıram ki, bunu onların gözü qarşısına etməyi bacarmaram.
Hətta bunu ayrı bir otaqda da edə bilmərəm. Çünki bəzən qışqırıram, tamamilə soyunuram. Ətrafım dağınıq, pinti olur, çevrəmi külqabılar, siqaretlər bürüyür. Ona görə də yeddi ildir tək yaşayıram. Bunları nəzərə alıb, onlardan ayrıldım.
– Yaşınız az idi, evdən ayrılmaq, ev tapmaq çətin olmadı?
– Hətta ev tapmamışdım, dostlarımın evində qalırdım, bəzən skamyada yatırdım. Yetər ki, evə getməyim. Səhər skamyada oyanıb ağrı çəkəndə daha yaxşı şeir yazırdım. Bu cür həzzi itirə bilməzdim, rahatlığa dəyişə bilməzdim. Yetər ki, xəstələnəydim, amma o şeiri yazaydım. O, mənə həzz verirdi deyə, bütün növ fəlakətləri yaşamağa hazır idim. Bıçaqlanmağa da, üstümdəki hər şeyin oğurlanmağına da.
Həmin ərəfələrdə hər şeyə razı idim, elə indi də razıyam. Bütün növ faciələri yaşamağa hazıram. Hətta bir ay özümü xoşbəxt hiss etsəm, narahat olaram. Hərçənd deyirlər ki, bu, maddiyyatla bağlıdır. Amma belə bir sıxıntım yoxdur. Özümü xoşbəxt hiss etmirəm, bunu istəmirəm. Mənə belə xoşdur. Bu, uşaqlıqdan da belə idi.
– Sizdəki bu güc haradandır belə?
– Əgər Tanrı varsa, onun böyük bir ideologiyası da var – “Heç bir bəndəmə daşıya bilməyəcəyi yükü vermərəm”. O, arxayın olub ki, daşıya bilərəm, ona görə də verib (gülür).
Bəzi məsələlər var, onları danışa bilmərəm. Ömrümün sonunadək də danışmayacağam. Həyatımın elə bir anı yoxdur ki, deyim, kaş ki bunu yaşamayayadım. Nə yaxşı ki, yaşamışam. Əksinə, xoşbəxt və boş keçən anlarıma peşman olmuşam, ancaq heç bir ağrıma görə peşmanlıq çəkməmişəm. Bilə-bilə fəlakətə getmişəm, əsla peşman deyiləm. Bu gün olsa, yenə edərdim.
– Şeirlərinizdəki təsvirləriniz çox fərqlidir. Bu, tək kitab oxumaqla meydana gələn bir şey deyil. Düşünürdüm ki, bu adam içində nələr yaşayır ki, belə təsvirlər edir.
– Deməli, yaşadıqlarım işə yarayırmış. Həmin an heç kimin ağlına gəlməyəcək bir fikir yazdığımın fərqində olmuram. Sonra o əsərə ədəbiyyatşünas kimi yanaşanda görürəm ki, fərqlidir. Pisdirsə, yayımlamıram. Özüm bilirəm, hansı şeirim güclüdür, hansı deyil.
– “Saçını satan aktrisa” pyesi ilə Almaniyada keçirilən “Next Stage Europe 3” festivalına qatılan ilk azərbaycanlı dramaturqsunuz və əsəriniz Potsdam şəhərində yerləşən “Hans Otto” teatrında səhnələşdirilib. Bundan danışmağınızı istərdim...

– Dramaturgiya festivalı bir neçə dəfə keçirilmişdi. Onlar Azərbaycandan dəvət etmək üçün dramaturq tapmamışdılar. Həmin dövrlərdə mətbuatda mənim “Niyə Azərbaycanda dramaturq yoxdur?”, “Niyə teatrlar dramaturqlarla işləmirlər?” tipli yazılarım çıxmışdı. Araşdırıblar və “Azadlıq” radiosunda çalışan Namiq Hüseynov məni məsləhət görmüşdü.
Dedilər ki, pyesinizi göndərin. İki ay xəbər çıxmadı. Sonra xəbər gəldi ki, bu, sizin dəvətnaməniz, biletləriniz və s. 2017-ci ildə Almaniyaya getdim. Orada çox gözəl sənət mühiti var idi. Gedirdik Brextin evinə, (Bertolt Brext – 20-ci əsrin ən tanınmış alman şairi, dramaturq – red.) hansısa kafedə yazılmışdı ki, “Bu masada bir zamanlar Brext oturub”. Adam özünü başqa cür hiss edirdi. Evə girdik, vitrindəki fincanın üstünə yazılmışdı ki, “Bu fincanda Henrix Von Kleys (almaniyalı dramaturq – red.) çay içib”.
Gəlin, görək, bizdə Cəfər Cabbarlının çay içdiyi fincanı tapa bilərik? Cəfər Cabbarlı heç də Henrixdən zəif dramaturq deyildi. Əksinə, ona dramaturgiya öyrədərdi. Amma biz onun bir fincanı nədir, heç ev muzeyini belə yaxşı qurmamışıq. Bunları görəndən sonra ölkədəki sənət mühitinə fikrim dəyişdi. Əvvəllər teatrlara tez-tez gedirdim, indi yalnız sənətini sevdiyim aktyor dostlarım dəvət edəndə baş çəkirəm.
– Niyə ədəbi mühitin kənarında gəzirsiniz?
– İki-üç müasir Azərbaycan yazıçısı ilə tanışlığım var. Heç vaxt axınla getmək xarakterim olmayıb. Ailəmə, doğulduğum kəndə qarşı çıxmışam, universitetə getmişəm, görmüşəm mənə uyğunlaşmırlar, özüm çıxıb getmişəm.
Bugünkü ədəbi hadisələr mənlik deyil. Bəlkə, mən onlardan aşağıyam, istedadsızam. Bu, başqa məsələdir. Əsla, müqayisəyə girişmirəm. Demək istədiyim xarakter və davranış məsələləridir. Adamlar bir müddət hər şeyi tənqid edirlər, sonra bir millət vəkili onlara iş verəndə, hər şey tərsinə dəyişir. Mən heç vaxt belə ola bilmərəm.
Bu peşəyə nələri qurban vermişəm, bu gün nələrəsə nail olmuşamsa, onun sayəsindədir. Belə qurbanlar verib, indi peşəmə ikiüzlülük edən adamla görüşə, bir səhnəni bölüşə bilmərəm. Peşə əxlaqı deyə bir şey var. Bu, mənim üçün əxlaqsızlıq olar.
– Şeir gecələrində də sizi az-az görürük...
– Çağırırlar ki, şeir gecəsi var, üç şair gələcək, siz də gəlin, getmirəm. Demişəm, dəvət etməyin, tək olsam, gedərəm. Əsla, eqoistlik deyil. Heç kimin öz peşəsinə mənim qədər fədakar yanaşdığına inanmıram. Bu mühitdə ikiüzlülük, maddi təmənnalar görürəm. Bu, məni sarsıdır. Mən öz peşəmə Allah kimi sitayiş edirəm.
Mənim üçün dindən də, ailəmdən də artıqdır. Həmişə demişəm anamı da, atamı da, qardaşımı, bacımı da sənətimə qurban verərəm. Sənətim üçün üstündən xətt çəkə bilməyəcəyim heç nə yoxdur. Sənətim yoxdursa, mən də yoxam. Bunu heç kimlə bölüşə bilmərəm.
– Şeirlərinizdəki “o adam” kimdir?
– Əslində, “o adam” deyə adam yoxdur. Müxtəlif adamlar ola bilər, təbii ki (gülür). Yaxud uydurduğum adam da ola bilər. Mənim üçün sevmədiyim anda belə sevgi şeirini yazmaq çox asandır, aktyorluğumdan istifadə edib yaza bilərəm. Dram əsərlərimi də belə yazıram. Şeirlərimdə mən də varam, heç vaxt görmədiyim xarakterlər də var. Orada yalançı da var. Ola bilər şeirimdə “Sənin üçün ölərəm” deyim, amma fərd olaraq heç kim üçün ölmərəm, nə qədər sevsəm də, sənətdən artıq heç kim yoxdur.

– Ən çox ağrı çəkdiyiniz hansı şeiriniz olub?
– “Yağış yağdıran” şeirim. Heç bir şeirdə o qədər sancı çəkməmişəm, ən sevdiyim şeirimdir.
– Aktyor olmaq istəyi əvvəldən var idi, ya yazarlıqdan sonra bu istək baş qaldırdı?
– Əvvəldən var idi, indi də oynayıram. Teatra getmək üçün nələrdən keçirdim. Sonralar bunu dramaturgiya öyrənmək üçün bir vasitəyə çevirdim. Yazarın dram yazması üçün məktəb görməsi mütləqdir. Gərək bilsin ki, işıq nədir, səhnəyə giriş-çıxış nədir. Bunları öyrəndim və dram əsərlərimi yazdım. Mənə ən çox uğuru da məhz dram əsərlərim gətirib. Aktyor sənətinin nəzəriyyələrini əzbər bilirəm, bu gün də çıxıb oynaya bilərəm, hansısa resenziyanı yazmağa hüququm var.
– Ailədən yeni ayrıldığınız vaxtlarda sizə kim dəstək oldu?
– Həmişə mənə nənələrim dəstək olub. Atamın anası müəllimdir, mənə kiçik yaşlarımdan yazmağı öyrədib. Üçüncü sinifdə artıq imla yazırdım. Anamın anası isə mənə maddi dəstək olub. Nənələrim mənə atamdan, anamdan da artıqdır. Valideynlərimə daha çox bacı-qardaş kimi yanaşıram. Nənələrimi çox istəyirəm, amma sənətdən artıq deyillər.

– Bu fikirləriniz yaxınlarınızın xətrinə dəymir?
– Bunu özlərinə də deyirəm. Deməsəm, ikiüzlülük olar. Demişəm ki, bu gün sənət mənim əlimdən tutub harasa aparsa, bu, intihar belə olsa, siz ağrımayın. Evdə məndən başqa uşaqlar var, onlarla başlarını qatsınlar. Məni sənətə versinlər. Çünki mən çox pərakəndə tale yaşayıram. Nə onların ətəyində qala bilərəm, nə də istəmirəm mənə aludə olsunlar.
Düzdür, başlarından bir tük əskik olanda, canım ağrıyır. Həmçinin, onların da. Bu bağlılığın bir itki olduğunda sarsıdıcı hala gəlməsini istəmirəm. Mən sarsılım, bu, problem deyil. Hisslərim oynasın yerindən və nə isə yazım. Amma onlar sarsılmasın, çünki bunda təmənnaları yoxdur.
Hər dəfə deyirəm, məndən uzaq durun. Çünki hər dəqiqə sizi atıb gedə bilərəm. Bu, inziva da, Afrika cəngəllikləri də, intihar da ola bilər. Ona görə də ailəmə, dostlarıma bağlı deyiləm. Həyatımın daxili hissəsində heç kim yoxdur, yalnız çevrəsindədirlər. Qapını bağlayıb, evimə girdikdən sonra orada tamam başqa adamam, oraya heç kəsi buraxmıram. Bəzən deyirlər, sevgili hamısını keçir. Bu, əsla, belə deyil.
– Bir dəfə Lerik və teatr tamaşaçıları barədə bir məsələ olmuşdu və sizin üstünüzə qalxmışdılar.
– Mən Leriki sevirəm, dünyanın harasında gedirəmsə-gedim, Lerikə getmədimsə, özümü istirahət etmiş saymıram. Havası da, suyu da, mətbəxi də, dəyərlidir. O baxımdan, tipik talışam. Azərbaycanın bütün coğrafiyası mənim üçün belədir, amma Lerik, Astara, Lənkəran və Masallı həddindən artıq geridə qalıb. Mən bunu hamısının içində, tribunada da deyə bilərəm, daş-qalaqdan qorxan adam deyiləm. Bunu sevdiyim üçün deyirəm.
Bir adam ki, hələ də artistə “mütrüb” deyirsə, Aygün Kazımova onlar üçün sənətkar deyilsə, pozğundursa, bu insanlara mən necə hörmət edim? Siz deyin. Bukovskinin bir əsərini qarşılarına qoysam, onlar orada, sadəcə, erotika görsələr, sevimmi bu insanları? Bunu deyəndə də oluram düşmən. Ay balam, oxuyun da! Şərait yoxdur, kitabxana ki, var. Oxuyun, təkmilləşin!
Lənkəranda bir teatr var, oraya ildə bir adam gedir. Çox yaxşı insandırlar, evlərinə gedin, sizə ürəklərinin yağını yedirərlər. Amma bir qadına desən ki, niyə hələ də həyat yoldaşın səni döyür? Deyəcək ki, kişidir də, döyməlidir. Bunun səbəbi teatrsızlıq, məktəbi, universiteti oxumamaqdır. İnsanın özü bir otağın içində belə kamilləşə bilər. Qız, ümumiyyətlə, oxumamalıdır. Doqquzuncu sinifdə oxuyursansa, ərə getməlisən. Mən onların inkişaf etməklərini istəyirəm, geridə qalmaqlarını yox.

– İlyas və Mövlanın sevgisini qələmə almağı niyə istədiniz?
– Yetərincə səs-küylü əsər idi. Mən o zaman, həmişəki kimi, əxlaqsız elan edilmişdim. Əslində, ondan öncə “Fahişə mələklər”, “Kimsəsizlər sığınacağı”, “Yalançı akasiya” kimi əsərləri yazdım. Tabu mövzularda yazmağı sevirəm. Ər arvadına xəyanət etdi, qız bakirə çıxmadı kimi mövzular mənlik deyil. Dünya bu problemləri artıq geridə qoyub. Sabah robotların taleyindən əsər yazacağıq, biz hələ qalmışıq ki, kimsə bakirə çıxmayıb.
İsa Şahmarlının intiharı baş vermişdi. O hadisə məni sarsıtmışdı. Bundan əvvəl erməni oğlanla azərbaycanlı oğlanın sevgisindən bəhs edən “Artuş və Zaur” yazılmışdı, amma bu, siyasi xarakter daşıyırdı. Lakin mən maarifləndirici yöndə olan “Günahdır səni sevmək” romanımı yazdım. Düzdür, əsərlərimi roman adlandırmıram. Mən roman yazmamışam.
Əgər bu gün 20 nəfər mənə yazırsa ki, bundan əvvəl homoseksuallara başqa cür baxırdım, fikrim dəyişdi. Bu, artıq mənim üçün uğurdur. Bu, hansısa ehtiyacdan irəli gəlmir. Bir əsəri yazanda üç şey nəzərə alınır. Aktualdırmı, maraqlıdırmı və nəticəsi olacaqmı? Nəticəsi də oldu. Amma tarixi vitrinə qoyulası bir roman deyil. Əhəmiyyətli əsər deyil, hələ belə əsərlərim çıxmayıb.
– Şeirlərinizi kimin ifasında sevirsiniz?
– Qiraətçilərin heç biri məndən inciməsin, Tural Əhməd mənim üçün başqa aləmdir. Səhər yuxudan ayılanda fikirləşirəm ki, görəsən, Tural mənim hansısa şeirimi səsləndirib? Turalla Vüsalə Əyyubqızı birgə “Gedək, asaq özümüzü” adlı şeirimə klip çəkdiriblər. Bunu görəndə çox sevindim. Zemfira Əbdülsəmədovanın da ifasını sevirəm.
Pərviz Hüseyn
FOTO: Ramil Zeynalov
www.oxu.az