Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yeni filmlərimiz: Seks skandalı, oğurluq və “Fəlakət” - FOTO/VİDEO
Ötən ilin film sektorumuzda qaynar keçməsinin ardından bu dəfə gözlər yerli rejissorlara yönəlib.
Bu mövsüm hansı yerli filmlərimizin ekranda olacağı hər kəsin olmasa da, kinosevərlərin diqqət mərkəzindədir.
Oxu.Az bu mövsüm kinoteatrlarda ekranlara çıxacaq yerli filmlərin siyahısını təqdim edir:
“Ağacdələn” – Filmin rejissoru və baş rolun ifaçısı aktyor Kamran Ağabalayevdir. Ekran işi dram janrındadır. Sosial problemlərə toxunulan filmdə Azərbaycanda baş vermiş bir sıra hadisələr bir-birilə əlaqələndirilir.
Bakı məktəbindəki seks skandalı, həkimin sağ ayaq əvəzinə sol ayağı kəsməsi, LGBT müdafiəçisi İsa Şahmarlının ölümü və s. filmdə öz əksini tapır.
Ekran işinin tizerləri sosial mediada geniş paylaşılsa da, hələlik premyerasının nə vaxt olacağı barədə məlumat verilməyib.
Filmdə Sənubər İsgəndərli, Taleh Yüzbəyov, Əlixan Rəcəbov kimi aktyorlar da yer alır.
“Qaragöz” – Orxan Mərdanın prodüserliyini etdiyi filmdə baş rolları Elməddin Cəfərov, Oksana Rəsulova və Kəbir Kərimov canlandırır. Həmçinin filmdə Əməkdar artist Hüsniyyə Mürvətova da çəkilib.Komediya və dram janrında olan ekran işinin qəhrəmanı o qədər simicdir ki, hətta öz oğlundan belə kirayə pulu alır.
“2 Mal” – komediya filmində baş rolları vaynerlər Mənsur Şərif və Rəsul Abbasov canlandırır.
Ekran işinin ssenarisinə əsasən, iki oğlan uşağa dayəlik etmək üçün varlı bir ailəyə müraciət edir. Hadisələr də elə bundan sonra başlayır. Film 28 sentyabrdan yayımlanmağa başlayacaq.
“Dalan” – Baş rollarında Ziya Ağa və Sevinc Əliyevanın çəkildiyi film hələlik qısa tizerləri ilə sosial şəbəkədə maraq oyada bilib. Film dram janrındadır. Rejissorluğu Rüstəmzadə Elvinə, ssenarisi isə Səbinə Əhmədovaya aiddir.
“Fəlakət” – Absurd komediya janrında olan filmdə baş rolu obrazın yaradıcısı Elşən Orucov oynayacaq.
Çəkilişləri cari ilin mart ayında tamamlanan filmdə həmişəkindən fərqli olaraq, “Fəlakət”in yanında “Bozbaş Pictures” komandası olmayıb.
“Art Film Baku”nun ərsəyə gətirdiyi komediyanın quruluşçu rejissoru Emil Quliyev, quruluşçu operatoru Orxan Abbasov, icraçı və kreativ prodüseri Azər Aydəmirdir.
Filmdə Elşən Orucovla bərabər, Azər Aydəmir, Orxan Ata, Nofəl Şahlaroğlu, Ülvi Həsənli, Taleh Yüzbəyov və başqaları çəkilib.
Ekran işinin sosial media səhifəsi kreativ paylaşımları ilə diqqət çəkir.
“Ümidlər puç olanda” – İzzət Bağırovun çəkdiyi sayca ikinci filmdir. Ssenari müəllifinin müğənninin özü olduğu film dram janrındadır. 11 oktyabrdan kinoteatrlarda yayımlanacaq.
“Bombaltı” – “Bozbash Pictures” komandasının növbəti filmi olan ekran işi ənənəvi olaraq mart ayının 1-də yayımlanacaq.
Filmdə İlkin Həsəni, İlkin Misgərli, Azər Baxşəliyev, Ramil Babayev, Nicat Rəhimov və Elşən Orucov çəkilir.
“Qış Nağılı” – Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadənin ssenarisini yazdığı ekran işində Azərbaycan və Türkiyədən məşhur aktyor və müğənnilər rol alır. Film Yeni il gecəsi bir hoteldə baş verən bir neçə hekayədən ibarətdir.
Film bu ilin dekabr ayında kinoteatrlarda yayımlanacaq “Qış Nağılı” filminin quruluşçu rejissoru və baş prodüseri Cəfər Axundzadə, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Zaur Abdullayev, geyim üzrə rəssamı Mehriban Əfəndi, qrim üzrə rəssəmı Aytən Hüseynzadə, ikinci rejissoru Kamran Ağabalayev və Vüsal Hacıqədir, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüseri Emil Davudzadə, kreativ prodüseri Xətai Əli, Marketinq direktoru isə Zaur Darabzadədir.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər