Bu gün səhər "BakuBus"a məxsus avtobusun nasazlıq səbəbindən yolda qalmasına rəsmi münasibət bildirilib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, nasazlıq 10 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda deyil, 7B nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində Yasamal rayonu, Müstəqillik küçəsi (Yasamal-MİDA) ərazisində yaranıb.
"Sürücü nasazlıq barədə dərhal Monitorinq Mərkəzinə məlumat verib. Avtobusda olan sərnişinlər xətt üzrə hərəkət edən digər 7B nömrəli avtobusa yönləndiriliblər. Əraziyə texniki servis əməkdaşları cəlb olunublar, nasazlıq qısa müddətdə aradan qaldırılıb və avtobus saat 09:11-də yenidən xəttə qaytarılıb", - deyə Ə.Əliyeva bildirib.
Bakıda sərnişin avtobusu nasazlıq səbəbindən yolu bağlayıb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Hadisə bu gün səhər saat 07:00 radələrində Yasamal rayonunda, Müstəqillik küçəsində yerləşən MİDA yaşayış kompleksinin həyətində baş verib.
Qeyd olunub ki, 10 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalıb. Nəticədə yaşayış kompleksinin həyətinə giriş və çıxış çətinləşib.
Sakinlər avtobusu ərazidən kənarlaşdırmaq üçün sürücüyə kömək etməyə çalışsalar da, ilkin cəhdlər nəticə verməyib.
Bir müddət sonra sürücü avtobusu işə sala bilib və nəqliyyat vasitəsini yolun kənarına çəkərək hərəkətin bərpasına şərait yaradıb.