Bakıda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Onun sözlərinə görə, həmin faktla bağlı Bakı Şəhər Prokurorluğunun istintaq idarəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, bu gün Bakının Xətai rayonu Ramiz Quliyev küçəsi, 6 ünvanında yerləşən “LUKoil” yanacaqdoldurma məntəqəsində təmir işləri aparılan zaman partlayış baş verib. Nəticədə təmir aparan iki ustadan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib. Hadisə nəticəsində daha bir nəfər xəsarət alıb.
17:27
Fövqəladə Hallar Nazirliyi Bakıda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış hadisəsi ilə bağlı məlumat yayıb.
FHN-dən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda təmirə dayanmış “Lukoil” yanacaqdoldurma məntəqəsində partlayış hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən partlayış nəticəsində 2 nəfərin öldüyü və 1 nəfərin xəsarət aldığı müəyyən olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
17:17
Bakıda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı ölənlərin sayı iki nəfərə çatıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Xətai rayonu Ramiz Quliyev küçəsi 6 ünvanında yerləşən “LUKoil” yanacaqdoldurma məntəqəsində təmir işləri aparan zaman partlayış olub. Nəticədə təmir aparan iki ustadan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.
Partlayış zamanı “Mitsubishi” markalı 10 PK 441 dövlət nömrə nişanlı avtomobil yanaraq yararsız hala düşüb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə APA-ya bildirilib ki, hadisə barədə Təcili Yardıma çağırış saat 16:20-də daxil olub:
“Xətai rayonunda yerləşən “LUKoil” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə zamanı 1 nəfər həkiməqədərki ölüm, digər yaralı isə təcili yardım tərəfindən yox, ətrafdakı insanların köməkliyi ilə Nevrocərrahiyyə Xəstəxanasına yerləşdirilib”.
Hazırda Fövqəladə Hallar Nazirliyinin, polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.
16:40
Bir neçə dəqiqə əvvəl Bakıdakı yanacaqdoldurma məntəqələrindən birində partlayış baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Ramiz Quliyev küçəsində yerləşən “LUKoil” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində qeydə alınıb.
İlkin məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb.