Bakıda köməksiz qalan it xilas edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, sentyabrın 27-də, saat 23:19-da Yasamal rayonu Şərifzadə küçəsi, bina-34 ünvanında köməyə ehtiyacı olan heyvan faktorunun olması barədə daxil olan əməliyyat məlumatına əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, it 10 nömrəli uşaq bağçasının dəmir barmaqlıqlı çəpərindən keçmək istəyərkən barmaqlıqlar arasında sıxılıb qalıb.
Barmaqlıqlar arasında köməksiz vəziyyətdə qalan it səs-küy salaraq yaxınlıqdakı binanın sakinlərini narahat edib. Sakinlər tərəfindən itin çəpərin barmaqlıqları arasından xilas edilməsi mümkün olmadığından kömək üçün “112” Xidmətinə müraciət edilib.
Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqlarından istifadə etməklə dəmir barmaqlıqları kəsərək iti xilas edib və bina sakinlərinin rahatlığını təmin ediblər.