Qan Turalı yazır ...
Son illərdə cəmiyyətimizin müzakirə predmetinə çevrilən feminizm mövzusunda polemika və dialoq mədəniyyətimizin kasadlığı dərindən hiss olunur. Hər şeydən qabaq, feminizmin nə olduğu cəmiyyətə aydın deyil, digər tərəfdən isə cəmiyyət problemi qavramağa cəhd göstərmir. Ən təhlükəli mövqe isə ifrat yanaşan feministlərlə laqeyd və loyal yanaşan xalq arasında qalmaqdır ki, bu yazı da həmin mövqedən yazılır.
Problemin dissertasiya mövzusu olacaq qədər geniş və çoxşaxəli olduğunu nəzərə alıb əsas tezisləri qeyd edək.
Qadın qətlləri siyasidirmi? Siyasidir, amma burdakı siyasilik nə mənadadır? Görkəmli fransız rejissoru Qodar bütün filmlərin siyasi olduğunu deyirdi. Ucuz komediyaların da siyasi olduğunu vurğulayan sol tendensiyalı rejissor fikrini belə əsaslandırırdı: “Belə filmlər xalqı gerçəklikdən ayırır, buna görə də hakimiyyətə sərf edir”. Tarixi təcrübə də göstərir ki, qadın hüquqlarına böyük diqqət göstərən ölkələrdə belə qadın qətlləri baş verir. Bu cür cinayətlər şikayətə bağlıdır, yəni şikayət edən tərəf öz şikayətindən vaz keçirsə, istintaq orqanları cinayət təqibi apara bilmir.
Əlbəttə ki, qadınların müraciətinə baxmayaraq, zəruri tədbirləri görməmək halları da kifayət qədərdir. Yeri gəlmişkən, bir məqamı da qeyd edək. Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadığı halda həmin şəxsə yazılı xəbərdarlıq edilməsi və zərərçəkmişə mühafizə orderi verilməsi icra hakimiyyətinin səlahiyyətindədir (Məişət zorakılığının qarşısının alınması haqqında qanun). Ancaq müvafiq qurum 24 saat ərzində işə baxmalı olduğu halda bu proses həftələrlə ləngiyir.
Son qurbanlardan Sevinc Məhərrəmovanın vəziyyətini xatırlayaq. Polis onun şikayəti əsasında Cinayət Məcəlləsinin 133.1 (Əzab vermə) maddəsi ilə cinayət işi açmış, ancaq tərəflər məhkəmədə barışmışdı. Nəticə: QƏTL!
Ancaq günah məhkəmədə də deyil. Barışıq olduqdan sonra məhkəmənin qərar vermək səlahiyyəti yoxdur.
Bir anlıq ərini polisə vermiş qadının cəmiyyətdəki vəziyyətini düşünək. Ərin qohumlarından tutmuş öz ailəsinə və bəlkə uşaqlarına qədər hər kəs ona düşmən kəsiləcək. Bu təzyiqə tab gətirmək asandırmı? Əlbəttə ki, söhbət gerçəkliyin təsvirindən gedir, qadını günahlandıranlara qahmar çıxmaqdan yox. “Əri döyən arvadı it də tutdu bir yandan” məsəlini yaratmış xalqın üzvləri üçün bu heç də asan məsələ deyil. Cəmiyyətlə vuruşmaq isə dövlətlə vuruşmaqdan həmişə daha çətin olub.
Bütün bu mühakimələrdən sonra qadın qətllərinin sosioloji, yoxsa siyasi olduğu məsələsinə aydınlıq gəlir. Demək ki, qadın qətlləri siyasi olmaqdan əvvəl sosiolojidir və sosioloji situasiya adekvat siyasi mexanizmlər yaradır.
Sovet sisteminin ən mütərəqqi tərəfi bəlkə də qadına münasibəti idi. Ancaq bu siyasət müntəzəm şəkildə aparılmamışdı, misal üçün 1930-cu illərdə Ayna Sultanova maarif və ədliyyə naziri idi, ancaq yetmiş illik Sovet quruluşu ərzində bu rəqəm dəfələrlə artmalı olduğu halda bu dövrdə cəmi üç qadın - Tahirə Tahirova, Elmira Qafarova və Lidiya Rəsulova xarici işlər, maarif və sosial təminat nazirliklərinin birinci kreslosunda əyləşib.
Müstəqillik illərində isə ölkədə baş verən mənəvi aşınma qadına münasibətdə feodal ənənələri aktuallaşdırdı. Qadının ikinci dərəcəli bir şey kimi kənara atılması, ona qarşı əşya ya da heyvan münasibətinin göstərilməsi hələ də təfəkkürlərdə qalmaqdadır. Misal üçün başıpozuq kişidən danışanda heç kim onun “yiyə”sini xatırlamır. Bu cür təsəvvürlər qadına qarşı zorakılığa da təbii şəkildə haqq qazandırır.
Bu yerdə maarifçiliyin də səmərəsi azdır, yəni yaşı 30-u keçmiş adama arvad döyməyin qeyri-insani olduğunu anlatmaq mümkünsüzdür. Ancaq vəziyyət ümidsiz də deyildir.
Azərbaycanda qadınların 99.7 faizi yazıb-oxumaq bilir. Keçən ilin nəticələrinə görə dövlət ali təhsil müəssisələrində oxuyanların 48.5 faizini qadınlar təşkil edir ki, bu da 81 920 qadına bərabərdir. Ölkədə işləyən əhalinin də 48.2 faizi qadınlardır, yəni 2 milyon 381 min…
BMT hesabatına görə Yaxın Şərqdə qadınların 19, Cənubi Asiyada isə 28 faizi işləyir. Almaniyada qadınların 71 faizinin işi var. Bizdə isə əmək qabiliyyəti yaşda olan qadınların 68 faizi işə cəlb edilib.
Rəqəmlər bunu deyir, ucqar bir dağ kəndinin uçuq daxmasında baş verən bir hadisə, ya da orada yaşayan kişilərin zehniyyəti Azərbaycan ortalaması kimi qəbul oluna bilməz və feministlərin Azərbaycanı Əfqanıstan kimi göstərən “faktları” ictimai müzakirələr zamanı elə qadınların çoxu tərəfindən də heyrətlə qarşılanır. Bu mənada gender problemlərinin təhlili zamanı uzun illər ərzində qazanılmış nailiyyətlərin təsdiqi vacibdir.
Qadının cəmiyyətdə qurban yox müsbət sosial rolda təqdimatı da mühüm psixoloji amildir. Qadın və zorakılıq, qadın və qətl sözlərinin yanaşı səslənməsi psixoloji olaraq cinayət hallarını adiləşdirir.
Qadın qətlləri kimi təkcə bir qadına yox, mənəvi olaraq Azərbaycan xalqına qarşı törədilmiş cinayət aktlarının üç piket, beş mitinqlə həll edilməyəcəyi də aşkardır.
Ailədaxili zorakılıq, eləcə də ailə-məişət zəminində qətllər xarici təcrübə və yerli şərait nəzərə alınmaqla hazırlanmış xüsusi dövlət proqramı ilə azaldıla bilər. İşin sosiologiyasını kənara qoyan hər cür qara-qışqırıq isə üzüm yemək yox, bağbanı döymək meyllərini üzə çıxarır.