Göyçay rayonunda ağır avtomobil qəzası baş verib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 17 radələrində rayonun Mirzəhüseynli kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1976-cı il təvəllüdlü Cavid Ağa oğlu Hacıyev “VAZ 2106” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən qəflətən magistral yola eşşək çıxıb. Bu zaman sürücü idarəetməni itirərək avtomobili yol kənarındakı beton elektrik dirəyinə çırpıb.
Bundan sonra maşın çökək əraziyə aşıb. Zərbənin təsiri nəticəsində maşın iki yerə bölünüb. Hadisə zamanı sürücü Cavid Hacıyev xəsarət alıb. O, Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Koma vəziyyətində olan yaralının vəziyyəti hazırda ağır olaraq qalır. Hadisə zamanı elektrik dirəyi aşdığı üçün kəndə enerji verilişi dayanıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.