Bakıya məcburi qəza enişi edən “British Airways” şirkətinin “Boeing 777” təyyarəsi təmir edilib və uçuşa tam hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə AzVision.az-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.
AZAL rəsmisi bildirib ki, təyyarənin ekipaj üzvlərinin iş saatı bitdiyi üçün uçuş hələ həyata keçirilməyib.
“Hər bir aviaşirkətdə olan qaydalara əsasən, müəyyən saatdan sonra pilotlar işləyə bilməzlər. Bu, təhlükəlidir. Onların iş vaxtı bitdiyi üçün ekipaj dincəlməlidir. Sərnişinlər hal-hazırda tranzit zonadadır. Biz onlara nə lazımdırsa - yemək, içki veririk, hər şeylə təmin olunublar. Uçuşun nə zaman bərpa oluncağı barədə aviaşirkət özü qərar verməlidir”, - P.Kəsəmənski deyib.
Qeyd edək ki, dekabrın 11-də Mumbai-London istiqamətində uçan təyyarədə tüstülənmə yarandığına görə hava gəmisinin kapitanı Bakıda məcburi eniş etmək barədə qərar qəbul edib. Təyyarənin içərisində 135 sərnişin və 17 heyət üzvü olub.
***
00:13
Bakı aeroportu reysin sərnişinlərini qəbul etməyə və müvafiq yardım göstərməyə hazırdır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanında deyiblər.
“Ancaq sərnişinlər pilotun qərarı ilə hələlik təyyarəni tərk etməyiblər”, - deyə aeroportdan bildirilib.
11.12.2017 21:52
“British Airways” aviaşirkətinə məxsus və Mumbay-London aviareysi üzrə uçan “Boeing 777” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “APA-Economics”ə hava limanının mətbuat xidmətindən məlumat verilib.
Qəza enişinə səbəb təyyarənin kabinəsində tüstülənmənin baş verməsidir. Bildirilir ki, təyyarədə 135 sərnişin və 17 ekipaj üzvü var.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda olan təyyarəyə baxış keçirilir.
S.B.
www.oxu.az