Müasir dünyada hamı foto çəkməyi sevir. Fotoqrafiya həm yaradıcılıq, həm sənət, həm incəsənət, kimin üçün isə peşə, kimin üçün isə sadəcə hobbidir...
Oxu.Az-ın “Peşəkar” rubrikasının bugünkü qonağı üçün fotoqrafiyanın həm məqsəd, həm də həyatın mənası olan həmvətənimiz, Nijni Novqorodda yaşayan, məşhur fotoqraf – Nazim Dərvişdir (Rzayev).

O, Nijni Novqorodda “Rojdestvenski küçəsinin ad günü” adı altında keçirilən fotosərgidə iştirak edərək ikinci yeri tutub. Tamaşaçılar onun “Qız və şair” adlı qeyri-adi ideyasını çox bəyəniblər.
- Nazim müəllim, belə “danışan” fotonu necə çəkməyə nail oldunuz?
- Bu şəkil, təsadüfi deyil. İş ondadır ki, parkın məhz bu yerindən şəhərə gözəl panorama açılır və mən bilirdim ki, bura Nijni Novqorodun mənzərəsini seyr etməyə gələn mütləq olacaq. Mən heykələ yaxınlaşan qızın postamentə oturmasını 15 dəqiqə gözlədim. Hiss edirdim ki, əla foto alınacaq. Ovçu kimi pusquda durdum. Və fotoqraf hissiyyatım məni aldatmadı...

- Hansı şəkillər daha yaxşı alınır, ani çəkilən ya hazırlıqlı?
- Bu suala birmənalı şəkildə cavab vermək olmaz. Bəzən fotoqraf, anı yaxalayaraq gözəl şəkil çəkir. Elə fotoqraflar da var ki, məhz qurulmuş kadrları, fotomodelləri məharətlə çəkirlər. Mən çox böyük ehtimalla birinci qrupa aidəm...
- Nəyi çəkməyi daha çox xoşlayırsız?
- İnsanların simaları, onların emosiyaları – bu mənim yaradıcılıq və ilham mənbəyimdir. Mən daha çox portret çəkməyi sevirəm, çünki bu yolla qəhrəmanlarımın emosiyalarını: ehtriasını, kədərini, təəccübünü, sevincini, zərifliyini verə bilirəm.

- Hər hansı bir tabuya riayət edirsinizmi?
- Yalnız bir – “new” üslubda şəkillər çəkmirəm. Qalan bütün üslublarda məhdudiyyətsiz işləyirəm.
- Nazim müəllim, siz ali musiqi təhsili almısız. Bu barədə ətraflı danışın.
- Bəli, mən peşəkar musiqiçiyəm. Sumqayıtda musiqi məktəbini bitirmişəm. 1992-ci ildə Bakı Dövlət Konservatoriyasını bitirdikdən sonra üç il müddətində Sumqayıt musiqi məktəbində musiqi dərsi demişəm. Mən tarzənəm.
Hələ tədris illərində mən bir çox müsabiqələrdə iştirak etmişəm. Ən yadda qalanı isə sonuncu müsabiqə oldu. O, 1983-cü ildə Şuşada keçirilirdi. Məndə Cıdır Düzünün o zamankı şəkilləri var.
- Rusiyaya nə vaxtdan köçmüsüz? Vətəndən uzaqda həyatınız necə keçir?
- Nijni Novqoroda 1995-ci ildə köçmüşəm. Burada iş axtarmağa başladım. Özünüz bilirsiz, o vaxt çoxları üçün çətin idi, demək olar ki, hamı üçün. Avtoservisdə usta yanında şagird kimi işə düzəldim. Peşəni tam xırdalığına qədər öyrənib özüm usta oldum. Bu, çörək pulu qazanmaq üçün yiyələndiyim sənət idi, amma mən hər zaman yaradıcılığa meyilli olmuşam.
- Doğma yerlər üçün darıxırsız?
- Hər il Azərbaycanda, Bakıda və Sumqayıtda oluram. Mənim doğma vətənim göz önündə dəyişir, bu, məndə qürur hissi oyadır. Bir dəfə Bakıya həyat yoldaşımla gəlmişdim. Onun Bakı haqqında çox xoş təəssüratları qaldı, bu şəhəri görərkən ona aşiq olmamaq mümkün deyil. Mən Bakıya hər gəlişimdə Şəhidlər Xiyabanını və ümummilli liderin qəbrini ziyarət edirəm.

Mənim bir arzum var. Növbəti dəfə vətənə gəldikdə, Azərbaycan haqqında şəkillər seriyası hazırlayım. Amma elə bir rakurs seçməliyəm ki, heç kimə bənzətməyə çalışmayım. Mən bütün yaradıcı insanlar kimi heç kimin yaratmadığını yaratmaq istəyirəm. Kiməsə bənzəməyə çalışmaqdansa özünəməxsus, təkrarsız nə isə yaratmaq lazımdır.

- Siz fotoqrafiya ilə necə məşğul olmağa başladız? Bu istiqamətdə ilk addım hansı oldu?
- Buna məni sevimli həyat yoldaşım yönəltdi. Bu, sadəcə sözlər deyil. Mən xoşbəxt insanam, çünki bəxtim gətirib. Yelenanın simasında sadəcə həyat yoldaşı deyil, eləcə də ilham pərimi tapmışam. O görürdü ki, yaradıcılıqla məşğul olmaq istəyirəm və buna inad etdi. O, sözün əsl mənasında əlimdən tutub mağazaya gətirdi və ilk peşəkar fotoaparatı aldıq. Sonra foto-məktəbə yazıldım. Sonra isə hər şey öz axarı ilə getdi...
- Şəkillərinizi tamaşaçıların mühakiməsinə nə vaxtdan çıxarırsınız?
- Bir il bundan öncə. Çəkinirdim, özümü peşəkar hesab etmirdim.

- Sizi, yəni bu işə yeni başlayanı, kolleqalarınız necə qarşıladı?
- İlk zamanlarda onlara fotolarımı göstərdikdə, xüsusi bir qarşılıq görmədim. Daha sonra tənqid eşitdim, yeri gəlmişkən konstruktiv tənqid, bu isə ustalığımı təkmilləşdirməyə yardım edirdi.
- İşlərinizi harada nümayiş etdirirsiniz?
- Əsasən sosial şəbəkələrdə və fotoqrafların peşəkar saytlarında. Bundan başqa şəhərimizdə, üzvü olduğum “Luç” adlı fotoklub var. Bu klubda müxtəlif janrlarda fotolar çəkən professional fotoqraflar yığışır. Hər iki həftədən bir klub üzvləri hesabat verərək işlərini kolleqalarının mühakiməsinə təqdim edirlər.
- Siz peşəkar musiqiçi, eyni zamanda da fotoqrafsınız. Sizin fikrinizcə musiqi və fotoqrafiya arasında analogiya aparmaq olarmı, yoxsa bunlar tamamən fərqli anlayışlardır?
- Belə sual verən ilk insansınız. Etiraf edim ki, bu haqda artıq bir ildir ki, düşünürəm. Əvvəllər mən xüsusi proqramın köməyi ilə kliplər hazırlayırdım. Beləcə məndə, hansısa mahnını dinlədikdə gözümün qabağında bir obraz canlandırmaq adəti yarandı. Və yaxud da əksinə, nə isə çəkəndə beynimdə hansısa bir musiqi səslənir. Təbii ki, bu, mənə ilham verir. Sizə fotoqraf və musiqiçi kimi deyə bilərəm: fotoqrafiya – xəyala dalmış musiqi, musiqi isə fotoqrafiyanın ruhudur...

- Yaxın gələcək üçün hansı yaradıcılıq planlarınız var?
- Gələcəkdə Nijni Novqorodda, xüsusilə də Bakıda sərgi keçirməyi planlayıram.
Bundan başqa gələn ildən etibarən işlərimi fotobanklarda yerləşdirməyi düşünürəm (fotoları, vektor təsvirləri, 3D qrafikanı və videorolikləri internet vasitəsilə satan agentliklərdir –red.).
- Nazim müəllim, fotoqrafiya sənətinin əsaslarını mənimsəmək istəyən oxucularımıza nə məsləhət görərdiz?
- Əsas odur ki, digərlərinin görmədiyi detallara fikir verməyi öyrənsinlər. Hər bir fotoqrafın öz imzası olmalıdır...
Mən, fotoqraf kimi insanların əllərinə fikir verməyi məsləhət görürəm, onlar sahibləri haqqında çox şey deyə bilərlər. Onlar gözəldir, sadəcə düzgün təsvir etmək lazımdır. Amma şəkillər quruluşlu olmamalıdırlar. Bu fikir mənim beynimə bir hadisədən sonra gəldi.
Bir dəfə küçədə məhkəmə binasına xüsusi avtomobil ilə iki məhkumun gətirilməsinin şahidi oldum. Onların əllərində qandal var idi. Onlardan biri başını dik tutmuşdu, digəri isə, bir qədər yaşlı olanı boynu bükük gedirdi. Amma əllərinə baxdıqda tamamən başqa hisslərin əks olunduğunu gördüm. Əminliklə gedənin əlləri sallanan qamçını xatırladırdı, amma ayaqlarını sürüyərək gedənin üzündə qətilik var idi, əllərini yumruqda sıxmışdı.

Ona görə də insan əlləri haqqında fotolar çəkmək ideyası ağlıma gəldi.
- Nazim müəllim, Sizə uğurlar, yaradıcı anlar və uğurlu fotolar arzulayıram.
Gülnarə Zeynalova