Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Peyk məlumatları, görünüş məsafəsi 250 km-ə yaxın radarlar: Hava proqnozu necə hazırlanır? - REPORTAJ + FOTO
İstirahət günləri günəşli, sakit havada təbiət qoynunda dincəlmək həvəsi ilə iş həftəsi sürətlə əriyir. Amma şənbə-bazar gəlib yetişəndə bu çəhrayı planların rəngi bir anda bozara bilir – külək, yağış, leysan, dolu, hətta qar... Son günlər ölkə ərazisində qeyri-sabit keçən hava şəraiti isə tək istirahəti deyil, eləcə də gündəlik işlərimizi planlaşdırmaq üçün hava proqnozlarına daha ciddi yanaşmağa vadar edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı günlük və həftəlik hava proqnozlarını, faktiki durumu, xəbərdarlıqları və digər məlumatları meteo.az saytından əldə etmək mümkündür. Bəs bu məlumatları hazırlayanlar, hava “carçıları” necə işləyirlər? Bunu öyrənmək üçün üz tuturuq Milli Hidrometeorologiya Xidmətinə.
Oxu.Az Milli Hidrometeorologiya Xidmətindən hazırladığı reportajı təqdim edir:
Xidmətin otaqları bir-birindən maraqlıdır. Amma ən maraqlısı məhz proqnozların, siqnalların mütəmadi izlənildiyi, iri xəritələrin monitorlarda əks olunduğu hissədir. Bütün respublika sanki ovcunun içindədir. Fərqli rənglərdə təsnifatlandırılan siqnalların hər biri bizə eyni təəssürat bağışlasa da, mütəxəssislər üçün fərqli məna kəsb edir.
Kodlaşdırılmış məlumatlar – texniklərdən mühəndislərə
Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Şəbnəm Qurbanova deyir ki, xidmət respublika üzrə səkkiz iqlim bölgəsi, Xəzər dənizi akvatoriyasında altı rayon üzrə hidrometeoroloji proqnozlar tərtib edir. Bu proses hər gün mütəmadi baş verir. Eyni zamanda, yarana biləcək təhlükəli atmosfer hadisələrinə dair təlimatlara uyğun xəbərdarlıqlar hazırlanır və ötürülməsi təmin edilir.
Ş.Qurbanova deyir ki, hidrometeoroloji proqnozların əsasını ilkin müşahidə məlumatları təşkil edir:
“Bu məlumatlar ölkə ərazisində quraşdırılmış hidrometeoroloji müşahidə şəbəkəsindən əldə olunur. Hidrometeoroloji müşahidə şəbəkəsindən kodlaşdırılmış məlumatlar alınır, texnik-sinoptiklər tərəfindən bu məlumatlar emal olunur və yekunda ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti haqqında məlumat mühəndis-sinoptiklərə ötürülür.
Sinoptiklər rəhbərliyin nəzarəti altında hidrometeoroloji proqnozları hazırlayırlar. Qeyd etdiyim kimi, bizdə ilkin mənbə müşahidə məlumatları olsa da, müxtəlif proqnoz mənbələrindən də istifadə edilir. Buraya peyk məlumatları da daxildir, hansı ki, dünya praktikasında da bundan istifadə olunur. Biz Ümumdünya Meteorologiya Təşkilatının qoyduğu tələblərə uyğun olaraq hidrometeoroloji proqnozları peyk məlumatlarından, rəqəmsal proqnoz modellərindən və müxtəlif sinoptik mənbələrdən istifadə etməklə hazırlayırıq. Bu məlumatları təhlil etdikdən sonra yekun qərar çıxardırıq. Məsələn, buludluluğun vəziyyəti, yağıntının olub-olmaması, küləyin sürəti, istiqaməti və digər meteoroloji amillərin vəziyyəti öz əksini tapır, bununla yanaşı, bəzi sahələr üçün xüsusiləşdirilmiş formatlarda məlumatlar hazırlanır.
Daha sonra bu hava proqnozları ölkə ərazisində fəaliyyət göstərən qurumlara, eləcə də mətbuat vasitəsi ilə cəmiyyətə ötürülür”.
Bəzi hallarda sinoptik proseslər kiçik ərazini əhatə edir və bu səbəbdən hava proqnozu verilərkən “bəzi yerlərdə” ifadəsi qeyd edilə bilir. Müsahibim deyir ki, bu qeyd o demək deyil ki, məsələn, Abşeron yarımadasının hər yerində yağış yağacaq:
“Keçən dəfə biz yağış yağacağını proqnozlaşdırdıq. Həmin gün Lökbatan tərəfə yağış yağmışdı, amma Bakının digər tərəflərinə yox. Bəziləri deyirdilər ki, proqnoz özünü doğrultmadı, amma bu, belə deyil. Əgər biz 80-90 faiz ehtimalla yağış yağacağını gözləyiriksə, bunun başvermə ehtimalı dəqiq olduğu üçün biz hava proqnozunda “yağış yağacağı gözlənilir” şəklində qeyd edirik. Yox, əgər hava şəraiti ilə əlaqədar ehtimallar 40-60 faiz arasında dəyişirsə, proqnoz haqqında məlumatda “yağış yağacağı ehtimal edilir” şəklində veririk”.
Meteohəssaslara xüsusi diqqət
Şəbnəm xanım deyir ki, hər gün meteohəssas insanlar üçün tibbi-meteoroloji proqnoz verilir:
“Əsas nəzərə aldığımız meteoroloji parametrlər atmosfer təzyiqi, nisbi rütubət, küləyin istiqaməti və sürəti, eləcə də temperaturun normaya nisbətən necə dəyişməsidir. Əgər temperatur norma daxilindədirsə, rütubət aşağıdırsa və yaxud mülayim külək varsa, meteohəssas insanlar üçün əlverişli hava olacağını demək mümkündür. Yox, buludlu, rütubətli hava gözlənilirsə və yaxud meteoroloji amillərin qısa zaman ərzində kəskin dəyişməsi, tərəddüdü baş verirsə, atmosfer təzyiqinin kəskin enməsi və ya yüksəlməsi zamanı və digər hallarda ölkəmiz üçün işlənilmiş metodiki tövsiyələrə uyğun olaraq meteohəssas insanlar üçün əlverişsiz olduğunu müəyyən edə bilərik”.
Dəli-dolu yağışlar
Bu yaxınlarda Goranboy rayonunda qeydə alınan sel zamanı təsərrüfat sahələrinə kifayət qədər ziyan dəyib. Goranboyla yanaşı, sel Tərtər ərazisində də ciddi fəsadlara yol açıb. Eləcə də Şəki, Mingəçevir, Balakən, Qax, Zaqatala, Gədəbəy, Gəncə, Göygöl, Lənkəran, Ağdam, Suqovuşana dolu yağması səbəbindən bir çox yaşayış evləri, eləcə də küçələrdəki avtomobillərə ciddi ziyan dəyib.
Bəs son beş il ilə müqayisə eləsək, bənzər təbiət hadisələrinə nə qədər rast gəlinib?
Ş.Qurbanova ümumilikdə dolunun başvermə intensivliyinin artdığını deyir:
“Bu, mürəkkəb statistikadır və əraziyə görə fərqlənir. Məsələn, qərb zonalarında bu daha tez-tez təkrarlanır, Mərkəzi Aran bölgəsində isə dolu nadir hadisədir”.
Ölkə ərazisində qurulan avtomatlaşdırılmış müşahidə sistemləri və erkən xəbərdarlıq
Mütəxəssis qeyd edir ki, erkən xəbərdarlıq sisteminin yaradılması dünya praktikasında təbii fəlakətlərdən dəyə biləcək ziyanı azaltmağa imkan verir. Bu daha qısamüddətli hadisələri proqnozlaşdırmaq üçün istifadə edilir. Hidrometeoroloji büroda izlənilən əksər xəritələr, radar xəritəsi, proqnoz modelləri, avtomatik stansiyalardan gələn məlumatlar erkən xəbərdarlıq sisteminin tərkib hissəsidir.
Ş.Qurbanova deyir ki, ümumiyyətlə ənənəvi, manual stansiyalarda ölkə ərazisində hər gün üç saatdan bir səkkiz dəfə müşahidələr aparılır:
“Amma avtomatlaşdırılmış stansiyalarda fasiləsiz olaraq iki dəqiqədən bir hava ilə bağlı yenilənmiş məlumatlar göndərilir. Proqnozun əsasını da faktiki məlumatlar təşkil edir. Faktiki temperaturu bilmədən sabahın proqnozunu vermək çətin olar. Çünki bu, meyar olaraq seçilir və təzyiqin dəyişməsinə görə proqnozu dəqiqləşdirə bilirik”.
Müsahibimiz qeyd edir ki, demək olar ki, bütün ölkələr Ümumdünya Meteorologiya Təşkilatının üzvüdür və bütün müşahidələr onun qoyduğu tələblərə əsasən aparılır.
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev isə deyir ki, çaylarda sululuq, su sərfiyyatı və digər məqamlarla bağlı müşahidələr aparılır və onların əsasında illik hidroloji kitabçalar hazırlanır. Çaylarda baş verən sel, daşqınlar yerli mütəxəssislər tərəfindən araşdırılır:
“Bunun üçün yeddi regional hidrometeorologiya mərkəzi fəaliyyət göstərir və respublikanın bütün ərazilərini əhatə edir. Gündəlik hidroloji məlumatların verilməsi də bütün bu araşdırmaların nəticəsində öyrənilir”.
Radara düşən buludlar
Milli Hidrometeorologiya Xidmətinin Radiometeorologiya, Aviameteorologiya və Aerologiya xidmətinin direktor müavini Vüsal Mirzəyevin sözlərinə görə, öhdəliklərində olan məsələ radar məlumatlarının proqnozlar bürosuna ötürülməsindən ibarətdir.
O deyir ki, təhlükəli hava şəraitinin vaxtında müəyyənləşdirilməsi, identifikasiyası və onların dəqiq proqnozlaşdırılması üçün dünya təcrübəsində erkən xəbərdarlıq sistemlərində dopler radarlarından geniş istifadə olunur:
“Hazırda iki meteoroloji dopler radarı var. Onlardan biri Şamaxıda, digəri isə Göygöldə quraşdırılıb. Müasir avtomatlaşdırılmış radarların hər ikisi 25 km yüksəkliyədək ölçmə işləri aparır. Dopler radarın radiolokasiya ǝksolunma rejimində görünüş məsafəsi 250 kilometrə yaxındır. Dopler radiolokatorları buludluluğu və ayrı-ayrı buludları, atmosfer yağıntılarını və onlarla əlaqədar olan təhlükəli atmosfer hadisələrini (şimşək, leysan, dolu, sel və daşqın) müşahidə etməyə və onların müvafiq radiolokasiya parametrlərini ölçməyə imkan verir.
Dopler radiolokatorları günün istənilən vaxtında və istənilən hava şəraitində buludların istənilən istiqamətdə şaquli, eləcə də istənilən hündürlükdə üfüqi kəsiklərini almağa, bulud və yağıntı proseslərinin inkişaf tendensiyasını qiymətləndirməyə, atmosfer yağıntılarının intensivliyini və miqdarını, həmçinin təhlükəli topa-yağış buludlarında yaranan dolunun ölçülərini (həm buludda, həm də yer səthində) müəyyən etməyə imkan verir. Yeni növ radarlar üç-dörd saat öncədən bizə xaricdən gələn, eləcə də ölkə ərazisində təhlükəli atmosfer hadisələri barədə məlumat verməyə malikdir. Buludların tərkibində hansı növ yağıntının ola biləcəyini bildirir ki, bunun sayəsində proqnozları hazırlamaq mümkün olur. Radiolokator atmosferə nazik dəstə şəklində istiqamətləndirilmiş yüksəktezlikli elektromaqnit dalğalarının zondlayıcı qısa impulslarını şüalandırır”.
V.Mirzəyev onu da əlavə edib ki, hava şəraitinin pisləşməsi zamanı kənd təsərrüfatının, aviasiyanın meteoroloji məlumatlarla təminatı üçün təhlükəli atmosfer hadisələri barədə avtomatlaşdırılmış real vaxt rejimində daha dəqiq, effektiv proqnoz, hava xəbərdarlığı verilir:
“Məlumatlar 24/7 dəstəyi ilə vizuallaşdırma, internet yayımlanmasını təmin edərək, monitorlar vasitəsilə ictimaiyyət üçün xəbərdarlıq və görüntü verir. Bu məlumatların nümayişi “Baron Lynx” sistemi vasitəsilə təmin edilir.
Dopler radarları təhlükəli hadisələrin proqnozlaşdırılmasının keyfiyyətinin yüksəldilməsi və vaxtında verilməsi ilə iqtisadiyyatın havadan asılı sahələrinin (şəhər təsərrüfatı, kənd təsərrüfatı kompleksi, nəqliyyat, xüsusilə hava nəqliyyatı və s.) təhlükəsiz fəaliyyətini təmin edir”.
Bizim proqnozlar bürosunda bir günlük görüşümüzdən aydın oldu ki, bu sahə işçilərdən riyaziyyat, fizika, coğrafiya, iqlimşünaslıq sahələrində biliklər, eləcə də yeni tətbiq edilən yüksək texnologiyalarla işləmək üçün daim öz üzərində işləməyi tələb edir. Odur ki, bu mütəxəssislərin dediklərinə etibar edib gündəlik və həftəsonu üçün planlarınızı qura bilərsiniz.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
Rəylər