Quba rayonunun Əski İqrığ kəndində avtomobil yolunun bir neçə hissəsinin dağılması nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaradıb.
Bu barədə Oxu.Az-a sakinlər tərəfindən məlumat verilib.
Bildirilib ki, yolun yararsız vəziyyətə düşməsi səbəbindən nəqliyyat vasitələrinin hərəkəti, demək olar ki, mümkünsüzləşib.
"Yol bir neçə yerdən dağılıb. Maşınla hərəkət etmək mümkün deyil. Camaat əziyyət çəkir, amma gəlib bir baxan yoxdur", - deyə şikayətçi bildirib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Quba Rayon İcra Hakimiyyəti (RİH) faktı təsdiqləyib. Qurumdan bildirilib ki, hazırda ərazidə yaranmış problemin aradan qaldırılması istiqamətində işlər görülür.
"Yuxarı Tüləkəran-Möhüc-Yenikənd avtomobil yolunun 3-cü kilometrində sürüşmə baş verib. Hazırda əraziyə xüsusi texnika cəlb olunub və alternativ yolun salınması üçün tədbirlər həyata keçirilir. İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 5 saylı Yol İstismarı İdarəsinin əməkdaşları tərəfindən aparılır", - deyə məlumatda vurğulanıb.
Oxu.Az-a açıqlamasında AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli sözügedən ərazidə hərəkətin məhdudlaşdırıldığını bildirib:

"Quba rayonunun Əski İqrığ kəndi ərazisində dağ yamacında baş vermiş sürüşmə nəticəsində Tüləkəran-Zeyid avtomobil yolunun 4-cü kilometr hissəsində yol örtüyü çöküb. Hadisə səbəbindən həmin istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Sürüşmə prosesi davam etdiyindən hazırda ərazidə əsaslı bərpa və fəsadların aradan qaldırılması işlərinin aparılması təhlükəsizlik baxımından mümkün deyil.
Mövcud vəziyyət nəzərə alınaraq, Əski İqrığ kəndi ərazisindən keçəcək müvəqqəti alternativ yolun çəkilişinə başlanılıb. Təxminən 1.5 kilometr uzunluğunda olacaq alternativ yolun bu gün axşam saatlarınadək istifadəyə verilməsi planlaşdırılır".