Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ramana qəsəbəsində kanala atılan zibillər təmizləndi - FOTO
Sabunçu rayonu Ramana qəsəbəsində kanala atılan məişət tullantıları təmizlənib.
Bu barədə Oxu.Az-a Sabunçu Rayon İcra Hakimiyyətinin Ramana qəsəbəsi üzrə icra nümayəndəsi Məhəmməd Əsədov məlumat verib.
Ərazidə aparılan təmizlik prosesindən foto və videoları təqdim edirik:
10:04
Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində kanala atılan məişət tullantılarının günlərdir təmizlənməməsi ilə bağlı iddialara icra hakimiyyətindən münasibət bildirilib.
Bu barədə Oxu.Az-a açıqlamasında Sabunçu Rayon İcra Hakimiyyətinin Ramana qəsəbəsi üzrə icra nümayəndəsi Məhəmməd Əsədov məlumat verib.
O bildirib ki, sözügedən ərazi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara verilən pay torpaqlarının yeridir:
“Ərazinin təmizlənməməsinə dair irəli sürülən iddialar doğru deyil. 20 ilə yaxındır ki, orada vətəndaşlara pay torpaqları verilib. Ərazidəki kanalların fəaliyyətinə nəzarət Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə aiddir. Lakin, ora Ramana qəsəbəsinin inzibati ərazisi olduğu üçün mütəmadi nəzarət edirik və hazırda təmizlənmə işləri aparılır.
Tərəfimizdən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə müraciət edilib və onların əməkdaşları ilə birlikdə kanalın təmizlənmə işlərinə başlanılıb. Müəyyən texnika problemi olduğu üçün işlər gecikir, amma gün ərzində təmizlənmə işləri yekunlaşacaq”.
M.Əsədov onu da əlavə edib ki, ərazidə zibil konteynerlərinin yerləşdirilməsi də nəzərdə tutulub:
“Mövcud vəziyyət bir qədər də vətəndaşların səhlənkarlığından irəli gəlir. Kənar insan gətirib ora zibil atmaz. Hər kəs öz zibilini müvafiq olaraq zibil konteynerlərinə atsa bu cür vəziyyət yaranmaz. Bu səbəbdən Mənzil Kommunal Təsərrüfat Birliyinə də məlumat verilib ki, əraziyə daha bir neçə zibil konteynerləri yerləşdirsinlər”.
Könül Cəfərli