Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Şirin su israfı ilə mübarizə: Yağış və qardan necə faydalanmaq olar?
Dünyanın bir sıra ölkələrində tətbiq edilən yağış sularının toplanması üsulu hazırda su qıtlığı və şirin su israfı ilə mübarizədə ən sərfəli yollardan biridir. Təcrübə göstərir ki, yağış suları, əsasən, parklarda bitkilərin sulanması, avtosalonlarda nəqliyyat vasitələrinin yuyulması, kənd, eləcə də ev təsərrüfatında və s. sahələrdə istifadə edilə bilər.
"Report" yağış sularının toplanması üsullarını, dünya təcrübəsini, həmçinin Azərbaycanda tətbiqi məsələlərini araşdırıb.
Yağış sularının toplanması üsulundan qədim zamanlardan bəri istifadə edilir. Bu üsulla toplanan su təmiz və pulsuzdur. Eyni zamanda, su qıtlığından əziyyət çəkən ölkələr üçün ehtiyat su mənbəyidir.
Yağış sularının ən sadə toplanma üsulu evlərin damından axan suların xüsusi çənlərə doldurularaq istifadə edilməsidir.
Yağış sularının toplanması üzrə Sinqapur və Hindistan modeli
Bu gün dünyada yağış sularının toplanması üzrə Sinqapur modeli özünü daha çox doğruldur. Sinqapurda ortaillik yağıntı 2 000 millimetrdən çoxdur. Ölkə geniş kanal və su anbarları şəbəkəsinə malikdir və düşən yağıntının üçdəikisi 17 su anbarına ötürülür. Sinqapurda yağış suyunu toplamaq üçün iki ayrı sistem var. Bu sistemlər suları toplayıb saxlayır, sonra isə təmizlənərək istifadəyə verilir. İlk növbədə, binaların damlarında yağış sularının yığılması sistemləri quraşdırılır. Daha sonra sular drenaj, kanal və çaylar şəbəkəsi vasitəsilə toplanaraq su anbarlarına göndərilir.
Sinqapur Hökumətinin tələbi ilə fərdi yaşayış evlərində istifadə üçün yığılmış yağış suyu istifadəyə verilməzdən əvvəl Su Agentliyi tərəfindən müəyyən edilmiş keyfiyyət standartlarına cavab verməlidir.
Diqqətçəkən məqamlardan biri də hava limanlarında xüsusi qurğulardan axan suların toplanmasıdır. Məsələn, "Changi" hava limanı sisteminin su hövzəsi kimi istifadə edilməsi potensialı yüksəkdir. Burada da yağış suları xüsusi üsulla toplanılır və müxtəlif məqsədlər üçün istifadə edilir.
Təmizləmə, suvarma və məişətdə istifadə məqsədləri ilə su tamamilə dezinfeksiya edilməlidir. Bunun üçün "AQUALOOP" sistemindən istifadə edilir.
Bu sistem filtrasiya və təmizlənmiş su anbarlarından ibarətdir. Filtrasiya çəni suyun keyfiyyətindən asılı olaraq sutkada 3 200 litrə qədər suyu distillə edə bilir. Damlardan yığılan su çənlərə yönəldilir və təmizlənir. Təmizlənmiş su daha sonra 1 100 l təmiz su çəninə axır. Bundan sonra həmin su məişətdə istifadə olunur.
Hindistanda, xüsusilə kənd və quraq bölgələrdə su ehtiyatlarını səmərəli şəkildə idarə etmək və qorumaq üçün su yığımı sistemlərindən geniş istifadə olunur. Hindistan Meteorologiya Departamentinin illik məlumatlarına görə, ölkəyə orta hesabla illik 1 000 mm-dən çox yağıntı düşür. Yağış suyunun isə 8%-i yığıla bilir və bu, ev təsərrüfatının suya ehtiyacının 70%-ə qədərini təmin edir.
Hindistan hökuməti uzun illərdir ki, yağış sularının yığılmasını təşviq edir. Hökumət, həmçinin, yağış sularının yığılması sistemləri üçün subsidiyalar verir. Subsidiya əsasında damlardan axan su saxlama çənlərinə və ya yeraltı sisternlərə yönəldilir. Həmçinin, yerüstü, açıq sahələrdən yığılan yağış suları hovuzlara və ya gölməçələrə yönəldilir. Bundan başqa, Hindistanda qədim sutoplama qurğuları da mövcuddur. Belə ki, yeraltı sular xüsusi daşlarla tikilmiş dərin quyularda toplanır və ondan məişətdə istifadə olunur.
Yağış sularının toplanmasından əldə edilən nəticə əraziyə görə dəyişir
Su Siyasətləri Dərnəyinin İstanbul nümayəndəsi, türkiyəli mühəndis Hüseyn Özdemir "Report"a açıqlamasında bildirib ki, yağış suyunu yığmaqla ehtiyat su əldə etmək "Yaşıl bina" sertifikatlaşdırma sistemində (ABŞ Yaşıl Tikinti Şurası (USGBC) tərəfindən idarə olunan proqram dünyada ən çox istifadə edilən sertifikatlaşdırma sistemidir, LEED yaşıl binaların layihələndirilməsi, tikintisi, istismarı və saxlanılması üçün beynəlxalq səviyyədə tanınmış standart yaradır - red.) önəmli hissədir.
"Yaşıl bina" sertifikatlaşdırma sistemindən, ilk növbədə, ABŞ, Avropa dövlətləri və inkişaf etmiş Uzaq Şərq ölkələri istifadə edirlər. Sənaye və yaşayış binalarında yağış suyu sisteminin quraşdırılması ümumi tikinti dəyəri daxilində çox məqbul səviyyədədir. Yağış suyundan istifadə sisteminin dəyəri bütün bina tikintisi xərclərini nəzərə alaraq, təxminən, 1-5% arasında dəyişir", - mühəndis vurğulayıb.
O qeyd edib ki, 2016-19-cu illərdə İstanbulda yağış sularının toplanılaraq istifadə edilməsi üsulunu tətbiq etmək üçün layihə həyata keçirib.
"15 mərtəbədən ibarət altı binada təcrübə apardıq. Bu binaların hər birinin 1 000 kvadratmetrlik damı var idi. Ümumilikdə altı min kvadratmetrlik damın üzərində yağış sularını toplayaraq binanın qarajında yerləşdirilən su anbarına göndərdik. Suyu distillə edib məişətdə istifadə etdik. Beləliklə, suyun ən çox israf olunduğu yerdə - hamamda su israfının qabağını 25-30% aldıq. Bu suları, həmçinin, parklarda, bitkilərin suvarılmasında istifadə etdik".
Türkiyəli ekspertin sözlərinə görə, yağış sularının toplanmasından əldə edilən nəticə əraziyə görə dəyişir. Yəni yağışın düşdüyü yerlərdə faizlər arta və ya azala bilər.
Azərbaycana düşən orta yağıntı miqdarının statistikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib ki, Azərbaycanda atmosfer yağıntıları, əsasən, hava kütlələrinin əraziyə müdaxiləsi ilə əlaqədardır. Yağıntıların miqdarını, mövsümi və illik paylanmasını hava kütlələri, ərazinin relyefi və Xəzər dənizi ilə qarşılıqlı əlaqəsi formalaşdırır:
"Respublikada yağıntı üzərində müşahidələr ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin müşahidə şəbəkəsinə daxil olan stansiya və məntəqələrdə aparılır. Çoxillik orta yağıntı (2002-23-cü illər) məlumatlarına əsasən demək olar ki, Bakı-Abşeron ərazisində 275.5 mm, Gəncə-Qazax regionunda 475 mm, Aran regionunda 315.4 mm, Quba-Xaçmaz regionunda 400.5 mm, Şəki-Zaqatala regionunda 683.7 mm, Lənkəran-Astara regionunda 863 mm, Qarabağ və Şərqi Zəngəzur regionunda 525 mm və Naxçıvan MR-da 317 mm yağıntı düşüb. Azərbaycan ərazisində ən az ortaillik yağıntı (275.5 mm) Bakı-Abşeron yarımadasına düşür. Ən çox yağıntı düşən region isə (863 mm) cənub regionu hesab edilir".
O bildirib ki, respublika ərazisində son 30 ildə yağıntıların azalması (10%) müşahidə edilir:
"Belə ki, iqlim dəyişmələri yağıntı rejiminə də öz təsirini göstərib. Ən çox azalma yay fəslində, əsasən, iyul ayında müşahidə edilir (11-12%). Paytaxt Bakı şəhərində iyul ayında ən az yağıntı norması 2.4 mm qeydə alınırdısa, hazırda bu rəqəm 2 dəfə artaraq 4.8 mm təşkil edir".
Ə.Əsgərov, həmçinin, qeyd edib ki, ölkə üzrə yağıntılı günlərin sayında da azalma müşahidə edilir:
"Kiçik Qafqazda 6%, Böyük Qafqazda isə 18% azalma müşahidə edilir. Təhlükəli atmosfer yağıntısı sayılan dolu ilə müşahidə olunan günlərin sayında da 2.9 dəfə artım müşahidə edilir. Ən çox dolu qərb və şimal-qərb ərazilərində, ən az dolu mərkəzi Aran rayonlarında müşahidə edilir".
Azərbaycanda yağış suları toplanılırmı?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyib ki, müasir dünyada yağış suları kanalizasiya sularından ayrılıb, onlar təmiz su mənbələri olaraq çaylara axıdılır və istifadəyə verilir:
"Bu gün Azərbaycanda yağış sularının toplanması çox məhduddur, irimiqyaslı layihə kimi hələ həyata keçirilməyib. Bu məsələ ilə bağlı müzakirələr getsə də, real addımlar atılmayıb. Yağış sularından istifadə olduqca böyük vəsait tələb edir. Onu da qeyd edim ki, bu sulardan istifadə yerli icra və bələdiyyələrin səyi ilə ən azından yaşayış binalarının yaxınlığındakı parkların sulanmasında istifadə edilə bilər".
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, dünyanın əksər ölkələrində bu iş həm fərdi, həm də dövlət səviyyəsində həyata keçirilir:
"İndividual formada sakinlər evlərin damında xüsusi qurğular yerləşdirirlər və həmin qurğular təyinatından asılı olaraq mətbəxdə, duş və ya bağçalarda istifadə edilir. Hətta xüsusi təmizləyici qurğularla distillə edilən yağış suyunu içmək üçün də istifadə etmək olur. Bununla da suya qənaət etmiş olarıq".
AMEA rəsmisi, həmçinin, bu sistemin Azərbaycanda olmaması barədə də danışıb:
"Azərbaycanda yağış sularının toplanması üçün xüsusi xətlər olmalıdır. Bakıda kanalizasiya suları ilə yağış suları eyni xətdə birləşdiyi üçün ondan istifadə edə bilmirik. Əgər xətlər ayrı olsa, xüsusi anbarlar quraşdırılsa, o zaman biz bu işin öhdəsindən gələ bilərik. Bakıda bu məsələ düzgün tənzimlənmədiyi üçün yağış yağanda subasmalar yaranır, şəhərin bəzi yerləri su altında qalır. Bunun baş verməməsi üçün ayrıca xətlər çəkilməlidir. Yağış sularından, heç olmasa, ağacların suvarılmasında istifadə edə bilərik. Çünki hazırda su çatışmazlığı olan bir dövrdə parklarda, avtosalonlarda içməli sudan istifadə edilir".
Ağdamda "Ağıllı su" layihəsi
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, bu gün ölkədə yağış sularının toplanması ilə bağlı hər hansı layihə icra edilmir.
"Lakin Ağdamda "Ağıllı su" layihəsində yağış sularının toplanılaraq istifadəsi nəzərdə tutulub", - məlumatda qeyd olunub.
Sözügedən agentliyin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, yağış və qar sularının idarə edilməsi yaşayış məntəqələrinin ərazisində törədə biləcəyi fəsadların qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir. Yağış sularının idarə olunması həm təbii sututarlar, həm də inşa olunmuş su anbarlarında tənzimləmə və ehtiyat suyun yığılması ilə həyata keçirilir:
"Bu suların mərkəzləşdirilmiş qaydada idarə olunması üçün ərazidə qəbulu, nəqli və toplanması məqsədilə şəbəkə və qurğulardan, o cümlədən mexaniki təmizləyici qurğulardan ibarət sistemlərin yaradılması tələb olunur. Bu suların istifadəsi üçün isə tətbiq nöqtələri və tələbat müəyyən edildikdən sonra paylayıcı şəbəkə və qurğulardan ibarət texniki su sisteminin yaradılması vacibdir. Yağış sularının toplanması üçün ərazidə olan təbii göllər və sututarlardan istifadə oluna bilər ki, bu da, misal üçün, "Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin 2035-ci hədəf ilinə hazırlanmış Baş Planı"nda nəzərdə tutulub".
Həmçinin, qeyd edilib ki, Bakı şəhərinin 2040-cı il üçün Baş Planının hazırlanması zamanı su təchizatı, tullantı və yağış suları üzrə məsləhətçi olaraq Niderlandın "Witteveen + Bos" şirkəti cəlb olunub və Baş Planda bu şirkətin təklifləri öz əksini tapıb.
"Ümumilikdə alternativ su mənbələrindən istifadə, tullantı suları, o cümlədən yağış sularından təkrar istifadə müşahidə edilən iqlim dəyişmələri fonunda günün aktual mövzularından olmaqla diqqət mərkəzindədir", - xidmətdən vurğulanıb.
Qurumdan, həmçinin, bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq layihələrində də bu mövzu nəzərə alınıb. Belə ki, həm tullantı, həm də yağış sularının təkrar istifadəsi müvafiq layihələrdə öz əksini tapıb.
Görünən odur ki, Azərbaycanda bu sistemin qurulması, həmçinin əhalini yağış sularının toplanaraq istifadəsi üçün təşviq etmək, bu üsulun tətbiqi üçün tədbirlər görmək bir qədər vaxt alacaq. Bununla belə, bu istiqamətdə layihələrin düşünülməsi və müvafiq Baş Planlarda konkret tapşırıqların qoyulması ümidləri artırır.
Rəylər