Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fuad Poladov vəfat edib - YENİLƏNİB - FOTO + VİDEO
Xalq artisti Fuad Poaldov Bakıdakı "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Oxu.Az xəbər verir ki, mərhum sənətkarın ailəsinə başsağlığı verənlər onun evini ziyarət etməkdə davam edirlər.
Qeyd edək ki, Xalq artisti Azərbaycan kino və teatr sahəsində yetərincə sözünü demiş, 50-dən çox tamaşa və filmdə müxtəlif obrazlar yaradıb.
14:15
Xalq artisti Fuad Poladovla vida mərasimi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, onu son mənzilə yola salanlar içərisində Xalq artistləri, Əməkdar artistlər, iş adamları və bir sıra sənət nümayəndələri olub.
Onlar sənətkarı son mənzilə alqışlarla yola salıblar.
12:39
Xalq artisti Fuad Poladovla vida mərasimi başlayıb.
Oxu.Az xəbər verir ki, vida mərasiminə rejissorlar Ramiz Həsənoğlu, Emil Quliyev, Xalq artisti Mabud Məhərrəmov, Əməkdar artist Anar Heybətov, aktyorlar Hikmət Rəhimov, Murad İsmayıl, Almaz Mustafayeva və başqaları qatılıb.
Rasim Balayev mərhum haqda fikirlərini belə ifadə edib:
“O, teatrımızın sütunlarından biri idi. Bu gün həmin sütunlardan biri düşdü. Böyük sənətkar idi. Bu gün aktyorluğa meyil edənlər onun məktəbindən çox şey öyrənməlidir.
Allah rəhmət eləsin. Onun haqda keçmiş zamanda danışmağı qəbul edə bilmirəm”.
Fəxrəddin Manafov danışarkən göz yaşlarını saxlaya bilməyib:
“Biz bu günü gözləyirdik. Ancaq insan qəribə məxluqdur. Nəyisə gözləsə də, nağıllara inanmaq istəyir. Fuad Poladov mənə örnək idi. Özünə də deyirdim ki, çox şeyi səndən örnək götürürəm. Böyük sənətkar, sənət fədaisi idi. Allah rəhmət eləsin!”
Mərhumla vida mərasimi 14:00-dək davam edəcək.
09:30
Mayın 4-də, axşam saatlarında vəfat edən Xalq artisti Fuad Poladovun dəfn olunacağı yer bəlli olub.
Xalq artisti ilə vida mərasimi bu gün 13:00-da, evində, Babək prospekti 10 ünvanında, yaşadığı binanın həyətində keçiriləcək.
Bu barədə Oxu.Az-a aktrisa Münəvvər Əliyeva məlumat verib.
Fuad Poladov vəsiyyətinə əsasən, Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
08:46
Azərbaycanın Xalq artisti Fuad Poladov vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
1948-ci ildə Bakıda anadan olan aktyor sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib.
O, səhnə fəaliyyətinin 20 ildən çoxunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirib.
Aktyor bir çox kinofilmlərdə bədii obrazlar yaradıb. O, “Ad günü”, “Ağasadıq Gəraybəyli”, “Ailə”, “Aktrisa”, “Arxada qalmış gələcək”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Cəza”, “Əlvida, cənub şəhəri”, “Yeddi oğuldan biri”, “Fatehlərin divanı”, “İşarəni dənizdən gözləyin”, “İstintaq davam edir”, “Küçələrə su səpmişəm” və digər filmlərdə yaddaqalan obrazları ilə insanların sevimlisinə çevrilib.
Qeyd edək ki, Azərbaycanın xalq artisti F. Poladov bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Onun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib.
Allah rəhmət eləsin!
Pərviz Hüseyn
Foto: Sadiq Fərzəlibəy
www.oxu.az
Rəylər