ABŞ İrana xaricdə dondurulmuş təxminən 100 milyard dollar dəyərindəki aktivlərinin bir hissəsinin sərbəst buraxılması müqabilində Hörmüz boğazından keçən gəmilərdən rüsum yığılması planından imtina etməyi təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, bu həftə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Dohaya səfər edərək Qətərin vasitəçiliyi ilə keçirilən görüşlərdə iştirak ediblər. Tərəflər ötən ay Hörmüz boğazının açıq saxlanılması ilə bağlı əldə olunmuş razılaşmanın icrasını müzakirə ediblər. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, görüşlərdə Livandakı vəziyyət də müzakirə mövzusu olub.
Danışıqlardan sonra İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bəyan edib ki, Hörmüz boğazı ABŞ-nin deyil, İranın komandanlığı altındadır.
Daha sonra İran hərbçiləri xəbərdarlıq ediblər ki, Tehranla razılaşdırılmamış marşrutla hərəkət edən istənilən gəmi dərhal və güclü cavabla üzləşəcək.
WSJ-nin məlumatına görə, Tehran Hörmüz boğazından keçən bütün gəmilərdən ödəniş almağı planlaşdırır və bunu gəmi təhlükəsizliyinin təmin olunması xərcləri ilə əsaslandırır. İran tərəfinin hesablamalarına əsasən, bu sxem ölkəyə hər il təxminən 40 milyard dollar gəlir gətirə bilər. Lakin ABŞ və Fars körfəzi ölkələri bu təşəbbüsə qəti şəkildə qarşı çıxırlar.