ABŞ hakimiyyəti 17 İran vətəndaşına universitetlərin, şirkətlərin və dövlət qurumlarının kompüter sistemlərinin sındırılmasına yönəlmiş genişmiqyaslı kampaniyada iştirak ittihamı irəli sürüb və onların İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və digər İran strukturlarının maraqları naminə fəaliyyət göstərdiklərini bildirib.
Oxu.Az ABŞ Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında dərc olunub.
Qurumun məlumatına görə, təqsirləndirilən şəxslər 2013-cü ildən etibarən 144 ABŞ və 178 xarici universitetin kompüter sistemlərinə, ən azı 53 şirkətə, eləcə də bir sıra dövlət qurumlarına və qeyri-hökumət təşkilatlarına hücum ediblər. Hücum edənlər təxminən 8 000 müəllimin hesabına giriş əldə edib və ən azı 31,5 terabayt elmi məlumat və əqli mülkiyyət oğurlayıblar.
ABŞ Ədliyyə Nazirliyi bildirir ki, hücumların bir hissəsi SEPAH-ın tapşırığı ilə həyata keçirilib, oğurlanmış məlumatlar isə İrandakı müştərilərə də satılıb. Nazirliyin saytındakı açıqlamaya əsasən, kiberhücumların hədəfləri arasında ABŞ Əmək Nazirliyi, Federal Enerji Tənzimləmə Komissiyası, Havay və İndiana ştatlarının hakimiyyət orqanları, Birləşmiş Millətlər Təşkilatı (BMT) və BMT-nin Uşaq Fondu da olub.