ABŞ-nin Nyu-York şəhərində dəhşətli cinayət hadisəsi baş verib. 15 yaşlı yeniyetmə 56 yaşlı nənəsini 35 bıçaq zərbəsi ilə vəhşicəsinə qətlə yetirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "People" nəşri məlumat verib.
Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Yeniyetmənin anası məktəbdə dərslərdən yayındığına görə onun notbukunu əlindən almaq qərarına gəlib.
İstintaqın məlumatına görə, kompüteri yeniyetmədən götürmək ideyası nənəyə məxsus olub. Bu qərardan qəzəblənən nəvə bıçağı götürərək qadına hücum edib. Daha sonra nənəsini qorumağa çalışan 36 yaşlı anasına yönəlib. Qadın bıçaq zərbəsi alıb, yerə yıxılıb və qəzəblənmiş oğlundan xilas olmaq üçün özünü ölmüş kimi göstərib.
Ancaq kabus bununla bitməyib. Yeniyetmə artıq qanlar içində olan nənəsini bıçaqlamağa davam edib. Yaşlı qadının bədənində ümumilikdə 35 deşilmiş-kəsilmiş bıçaq yarası aşkarlanıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yeniyetmənin anası xəstəxanaya yerləşdirilib və müalicəsi hələ də davam edir. Onun vəziyyəti stabil ağır qiymətləndirilir.
Dairə prokuroru Reymond A.Tirni 15 yaşlı qatilə qarşı qətl, öldürməyə cəhd və hücum maddələri üzrə ittiham irəli sürüb. Onu 15 ildən ömürlük həbs cəzasına qədər ağır hökm gözləyir. Təqsirkarlıq məsələsinə məhkəmədə qərar veriləcək.