İranla bağlı münaqişə Fransa iqtisadiyyatına ciddi zərbə vurub. Hökumət indi büdcə xərclərini əlavə olaraq azaltmağın yollarını axtarır.
Oxu.Az xəbər verir ki, bu barədə TASS Fransa iqtisadiyyat və maliyyə naziri Rolan Leskürün açıqlamasına istinadən məlumat yayıb.
Nazir əlavə qənaət tədbirlərinin qaçılmaz olub-olmadığı barədə suala cavab olaraq bildirib ki, iyunun 30-da Dövlət Maliyyə Komitəsinin yığıncağı baş tutacaq. Həmin görüşdə iş adamları, deputatlar və həmkarlar ittifaqlarının nümayəndələri bir araya gələcəklər və onlara mövcud mürəkkəb iqtisadi vəziyyət barədə məlumat veriləcək.
Leskürün sözlərinə görə, İranla müharibənin Fransa büdcəsinə vurduğu ziyan ən azı 6 milyard avro təşkil edir. O qeyd edib ki, hər şey ABŞ və İran arasında əldə olunan razılaşmanın icrasından asılı olacaq. Həmin razılaşma ilə Hörmüz boğazından gəmilərin hərəkəti bərpa edilib.
Fransa Bankı və Milli Statistika İnstitutunun proqnozlarına görə, 2026-cı ildə ölkə iqtisadiyyatı büdcədə nəzərdə tutulan 1% əvəzinə cəmi 0.5-0.7% böyüyəcək. Nazir bildirib ki, bu proqnozlar İranla ABŞ arasında atəşkəsdən əvvəl hazırlanıb. Hazırda qeyri-müəyyənlik davam edir və vəziyyət III rübün nəticələri açıqlanandan sonra aydınlaşacaq.