Kubra Məhərrəmova yazır...
Artıq bir neçə gündür dünyanın aparıcı nəşrləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya gözlənilməz səfəri barədə yazır. Hətta qeyd etdilər ki, bu, gizli səfər olub.
Təsadüflərə inanmadan deyə bilərik ki, heç bir səfər gözlənilməz olmur. İkincisi də, əgər səfər gizli olsaydı, bundan heç fələk də xəbər tutmazdı. Demək ki, bütün bu baş verənlər barədə məlumat məqsədyönlü surətdə informasiya sahəsinə atılır.
Nəzərə almalıyıq ki, hadisələr "real politik" - yəni ideoloji və ya əxlaqi prinsiplərə deyil, real şəraitə və praktiki məqsədlərə xidmət edən siyasətə əsaslanır.
Daha bir qanunauyğunluq da ondan ibarətdir ki, ABŞ-nin yüksəkçinli məmuru Moskvaya xüsusi təyyarə ilə səfər edib.
Belə ki, Retkliff Rusiya paytaxtına ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "C-17 Globemaster III" hərbi-nəqliyyat təyyarəsi ilə uçub.

Məlumat üçün qeyd edim ki, "C-17" - strateji hərbi-nəqliyyat təyyarələri sinfinə aiddir. Onun maksimal uçuş çəkisi təxminən 265 ton, yükdaşıma qabiliyyəti isə 77.5 tona qədərdir. Təxminən 75 ton yük daşıdığı halda təyyarə havada yanacaq doldurmadan təxminən 4 400 kilometr məsafə qət edə bilir.
Bu təyyarələrdən ABŞ-nin yüksəkvəzifəli şəxslərinin Əfqanıstana aparılması zamanı da istifadə olunub.
Çünki "C-17"nin zenit raketlərinə qarşı müdafiə sistemləri mövcuddur. İlk növbədə, bu, yüksək təhlükəsizlik zəmanəti verir. İkincisi - "C-17" təyyarəsi Moskvaya ABŞ nümayəndə heyəti üçün nəqliyyat vasitələri gətirib. Üçüncüsü - bu təyyarə xeyli sayda xüsusi avadanlıq, rabitə sistemləri, təhlükəsizlik vasitələri, avtomobillər və heyət daşıya bilir.
Buradan da belə çıxır ki, ABŞ-nin yüksəkvəzifəli şəxslərinin Rusiyadakı ABŞ səfirliyinin nəqliyyat vasitələrindən istifadədən imtina səbəbləri var. Böyük ehtimal ki, ABŞ nümayəndə heyəti üçün təhlükəsizlik risklərini minimuma endirməyə çalışıblar. Onu da qeyd edim ki, bu təyyarə tank belə daşıya bilir.
Xülasə, Con Retkliffin Moskvaya səfəri üçün bütün təhlükəsizlik addımları atılıb. Öz avtomobillərini, xüsusi avadanlıq, rabitə sistemləri, təhlükəsizlik vasitələrini belə təyyarəyə qoyub, gətiriblər.
İndi keçək ikinci hissəyə. Nə üçün gəlib və niyə məhz indi gəlib?
Heyət əvvəl Latviyanın Riqa şəhərinə uçub və iki gün orada müzakirələr aparıb. Sonra isə Moskvaya uçub. Moskvada təxminən səkkiz saat qalıb. Geridönüşdə isə ilk dayanacaq yenə Riqa olub. Bu dəfə Latviya paytaxtında bir sutka ləngiyib.
Kreml artıq təsdiqləyib ki, Retkliff Moskvada Rusiya xüsusi xidmətlərinin nümayəndələri ilə görüşüb, lakin Prezident Vladimir Putinlə görüş olmayıb. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Putin görüşlərin nəticələri barədə məlumatlandırılıb.
Maraqlısı odur ki, ABŞ tərəfi görüşün məzmunu barədə məlumat vermir.
Hazırda danışıqların hansı istiqamətdə gedəcəyi barədə "insayd" məlumatları bu ardıcıllıqda tirajlanır:
1. Ukraynada müharibə və atəşkəs;
2. Rusiyanın NATO ilə bağlı növbəti addımları;
3. Rusiya-ABŞ kəşfiyyat kanallarının bərpası;
4. İran məsələsi;
5. Müharibənin eskalasiyasının qarşısının alınması;
6. ABŞ-nin Rusiyaya verə biləcəyi gizli xəbərdarlıqlar.
Dünyanın aparıcı və mötəbər KİV-i öz mənbələrinə istinadən iddia edir ki, Con Retkliffin əsas missiyası Rusiyanı NATO ölkəsinə hücumdan çəkindirmək olub.
Lakin ABŞ Prezidenti Donald Tramp bu səfərin mahiyyətini bir qədər yumşaltmağa çalışıb: o bunu "semi-routine" - yəni "yarırutin" səfər kimi təqdim edib və NATO məsələsi ilə əlaqəli olmadığını bildirib. "The Guardian" Trampın sözlərini belə təqdim edir:
"Orada, bilirsiniz, hər şey yağ kimi gedir. İnsanları məyus etmək istəmirəm. Biz istərdik ki, Ukrayna ilə müharibə başa çatsın", - Tramp deyib. Və öz üslubuna uyğun davam edib ki: "Con Retkliff möhtəşəm insandır. O, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəridir və sizin dediyiniz məsələnin tərəfdarı deyil. Amma bəlkə də bundan nəsə çıxacaq... Biz bu müharibəni başa çatdırmaq üçün çox ciddi səylə çalışırıq və açığı, hazırda tərəflərin hər ikisi müharibənin başa çatmasını istəyir".
Amma görüşün məhz bu formatda olması bəzi məqamları ortaya qoyur.
* Moskvadakı müəmmalı görüşlər başa çatdı: ABŞ hərbi təyyarəsi Rusiyadan ayrıldı - FOTO - VİDEO
* MKİ rəhbərinin Moskva səfərindən sonra Vaşinqtonda diqqətçəkən hərəkətlilik - FOTO
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin Moskvaya olduqca məxfi mesajların çatdırması, habelə qarşı tərəfin niyyətlərinin qiymətləndirilməsi, kəşfiyyat məlumatlarının ötürülməsi və ya mübadiləsi, eskalasiyanın idarəolunması kimi məsələlərin müzakirə olunması ehtimalını artırır.
Və maraqlı detal odur ki, ABŞ Ukraynadan Retkliffin Moskvada olduğu müddətdə Moskva və Sankt-Peterburqa zərbələr endirməməyi xahiş edib.
Deməli, ABŞ danışıqların təhlükəsizliyi ilə bağlı narahatlığını gizlətməyib.
Amma daha bir məqam danışıqların "sülh" uğrunda aparılmasını şübhə altına alır. Məsələ budur ki, belə danışıqları, adətən, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff həyata keçirir.
Retkliff isə görünür, daha ağır "artilleriya" ilə Moskvaya mesaj aparıb: "Ukraynada nə baş verirsə-versin, NATO ilə təmas xəttini keçməyin".
ABŞ kəşfiyyatının yeni hesabatlarına görə, Rusiya Prezidenti Vladimir Putin yaxın bir neçə il ərzində NATO-nun qətiyyətini sınamaq məqsədilə Alyansın üzvü olan ölkələrdən birinə qarşı məhdudmiqyaslı hücuma cəhd göstərə bilər. Hesabatlarda mümkün ssenarilər arasında kiberhücumdan tutmuş kiçikmiqyaslı quru müdaxiləsinə qədər müxtəlif variantlar nəzərdən keçirilir. Bu məlumat da 6 avqust 2026-cı il tarixində "The Wall Street Journal"da dərc olunub.
Bəs ABŞ-nin Moskva ilə birbaşa, yüksəksəviyyəli "qırmızı xətlər" danışığına keçməsinə baxmayaraq, Rusiya NATO-ya hücum etsə, hadisələr necə olacaq?
Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsində bildirilir ki, NATO-nun üzvlərindən birinə qarşı silahlı hücum bütün NATO üzvlərinə qarşı hücum hesab olunur.
Bu öhdəlik 1949-cu ildən etibarən qüvvədədir.
Burada isə maraqlı detal ortaya çıxır.
Əgər Rusiya açıq şəkildə NATO ərazisinə daxil olsa, hücuma məruz qalan ölkə NATO-dan məsləhətləşmə və yardım istəsə, məsələ uzana bilər.
Belə ki, NATO 5-ci maddənin tətbiqi üçün əvvəlcə hadisənin "silahlı hücum" olub-olmamasını qiymətləndirəcək və hücuma məruz qalan müttəfiqin kollektiv tədbir tələb etməsi və ya buna razılıq verməsi haqqında qərar verəcək.
Elə bil avtomobilin qəzaya uğrayıb və sığorta şirkəti dəyən ziyanı dəyərləndirir.
İkinci versiya.
Əgər Rusiya kiçikmiqyaslı hərbi insident yaradaraq NATO-nun reaksiyasını yoxlamaq istəyərsə və NATO buna cavab verməzsə, Moskva bunu siyasi zəiflik kimi dəyərləndirəcək.
Yox, əksinə, NATO genişmiqyaslı hərbi cavab versə, qarşıdurma Rusiya-NATO müharibəsinə doğru gedə bilər.
Bu məqamda Böyük Britaniyanın baş naziri Nevil Çemberlenin 1938-ci ildə Hitlerlə "sülh danışıqları" aparmasını və Uinston Çörçillin həmin siyasətlə bağlı xəbərdarlıqlarını xatırlayaq. Çemberlen Münhen razılaşmasından sonra onun Avropada sülhə yol açacağına inanırdı. Çörçill isə Hitlerin ərazi ambisiyalarının bununla bitməyəcəyini düşünürdü və Münhen razılaşmasını sərt şəkildə tənqid edirdi. Nəticədə Hitler 1939-cu ilin martında Çexoslovakiyanın qalan hissəsini, həmin ilin sentyabrında isə Polşanı işğal etdi. İki gün sonra isə Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdilər.
Ümid edək ki, Retkliffin çantasında və ya təyyarəsində Kremli fikrindən döndərə biləcək əsaslı səbəblər olub. Əks halda nələrin baş verə biləcəyini tarixdən bilirik.