Tanınmış alman politoloq Aleksandr Rar, “Valday Klubu” çərçivəsində aparılan müzakirə əsnasında, Avropa üçün əsas problemlərdən danışıb. Mütəxəssisin fikrincə, onların çoxlu münaqişələrin baş verdiyi və qaçqın axınının olduğu cənubdan - Yaxın Şərqdən gəlir. Media.Az-ın suallarını cavablandıran Aleksandr Rar qeyd edib ki, bu təhlükə Azərbaycan, Rusiya və digər postsovet ölkələri üçün də var.
“Hesab edirəm ki, Şərq-Qərb qarşıdurması artıq 1990-cı ildə başa çatıb. Hazırda bu mübarizənin bəzi əks-sədaları müşahidə edilir. Lakin Rusiya nə Baltikyanı ölkələrə, nə də Polşaya iddia irəli sürmür. Bu sadəcə gülüncdür. Avropa da Rusiyaya hücum etmək niyyətində deyil. Sovet İttifaqı artıq mövcud deyil. Qarşıdurma Qərblə Şərq arasında yarana bilər, ancaq bu dəfə Çinlə, bu da yaxın zamanların işi deyil. Bu gün üçün Avropa və Almaniya üçün əsas problemlər cənubdan gələn təhdiddir” – deyə Aleksandr Rar bildirib.
- Nəyi nəzərdə tutursunuz?
- Bu, terrorun, kütləvi miqrasiyanın yeni bir dalğasıdır, çünki Afrika və Yaxın Şərqin bir hissəsi dağılır. Bu bölgələrdə, özü də Avropadakından daha sürətli şəkildə iqlim şəraiti də dəyişir. Orada yaşamaq çətinləşir. Yeni qarşıdurmaların başlanması təhlükəsi var. Yaxın Şərqdə ingilislər və fransızlar tərəfindən 100 il əvvəl çəkilən xəritələri artıq şübhə altına alınıb. Əfqanıstanda dövlət yaratmaq mümkün olmur, İraq və Suriya parçalanır. Biz orada ordu əvəzinə hərbi liderlər, “milislər” görürük. Bundan əlavə nüvə silahı əldə etmək istədiyi deyilən İran və Səudiyyə Ərəbistan problemi də var. İsrail isə onsuz da bu silaha sahibdir. Təkrar edirəm, bu həm Avropaya, həm də təbii ki, sizin regionunuz - Cənubi Qafqaz üçün problemdir.
- Bu vəziyyətdə Azərbaycan bir növ sədd xəttinə çevrilmirmi? Bəs nə səbəbə Avropa bizim regiona (əlbəttə ki, müsbət mənada) diqqət yetirmir? Biz bunu görmürük...
- Təəssüf ki, sizin Avropa haqqında, Avropanın isə Azərbaycan və ümumiyyətlə bölgəniz haqqında yanlış təsəvvürləri var. Mən ötən əsrin 90-cı illərini xatırlayıram. Biz bir-birimizə tərəf gedirdik. Ancaq bir-birimizi başa düşmədik. Lakin, məsələn, çinlilər yeni layihələr təklif etməklə başa düşə bildilər. Avropanın problemi səhv konsepsiyadadır.
Siz doğru sual verdiniz, hansını ki, mən də burada – Almaniyada daim soruşuram. Cənub sərhədindən gələn təhlükəni dərk edən Azərbaycan, Orta Asiya ölkələri və bütün postsovet məkanı ortaq təhlükəsizlik arxitekturası quraraq Avropa İttifaqından iqtisadi əməkdaşlıq gözləyirdi.
Lakin Avropa münasibətləri “ali əxlaq” mövqeyindən seçməklə səhv etdi. Qərbi Avropa insan haqları baxımından özünü planetin qalan hissəsindən qabaqda olduğunu hesab edir. Liberal dəyər sisteminin yaradılması hər şeydən üstündür fikri Avropanın geosiyasi düşüncəsini dayandırdı. Bu bir səhv idi. İnsanı (söhbət hazırda azlıqlardan və sairdən gedir) tamamilə azad etmək vəzifəsi qoyulub. Bu dəyərlər irəli çəkilir. Ancaq təbii ki, Azərbaycan, Rusiya, Belarus və postsovet məkanının digər ölkələri başqa münasibətlər qurmaq istəyir, “Qərb demokratiyasının tələbəsi” olmaq istəmir. Avropa isə kursunu dəyişmir.
- Bəs Avropa siyasətini yenidən nəzərdən keçirməyə başlayanda gec olmayacaq?
- Bu ritorik sualdır. Bəli, təəssüf ki, çox gec ola bilər.