Avstraliya hüquq-mühafizə orqanları Sidneydə yerləşən yeraltı sığınacaqdan 2,7 ton kokain aşkar edərək müsadirə edib və bununla da yeni rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə BBC nəşri məlumat yayıb.
Dəyəri 816 milyon Avstraliya dolları məbləğində qiymətləndirilən narkotik maddələr Londonderri ərazisində dəniz konteynerlərinin saxta döşəmələrinin altında quraşdırılmış gizli bölmələrdə aşkarlanıb.
Qeyri-qanuni yolla idxal edilmiş və sərhəddə xüsusi nəzarət altında olan kommersiya miqdarında narkotik vasitəni saxlamaqda təqsirləndirilən 21 və 25 yaşlı iki şübhəli şəxs həbs edilib. Qanunvericiliyə əsasən, onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
"Minczyan" adlı xüsusi əməliyyata may ayında Midc-Poynt limanında 40 kq kokainin tapılmasından sonra start verilib. Bundan sonra polis qaçaqmalçılıq cinayəti çərçivəsində Kvinslend və Yeni Cənubi Uels ştatlarında əlavə olaraq altı nəfəri saxlayıb. Həmçinin, əməliyyatda istifadə edildiyi ehtimal olunan əsas gəmi Solomon adalarında saxlanılıb.
Coğrafi baxımdan uzaq olmasına baxmayaraq, Avstraliya qeyri-qanuni narkotik dövriyyəsi üçün olduqca cəlbedici və gəlirli bir bazardır. BMT-nin ötən il dərc olunmuş Ümumdünya Narkotik Hesabatına görə, qlobal miqyasda ən yüksək kokain istehlakı səviyyəsi məhz Avstraliya və Yeni Zelandiyada müşahidə olunur.