Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Baltik dənizində enerji kabellərinin zədələnməsində Rusiyanın əli var?
Baltik dənizində enerji kabellərinin zədələnməsi ilə bağlı araşdırma Rusiyanın bu hadisələrə aidiyyəti olduğuna dair sübutlar aşkar etməyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Wall Street Journal" işin gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, kabellərin Moskvanın sifarişi və ya iştirakı ilə zədələndiyinə dair heç bir sübut tapılmayıb.
NATO-nun Baltikdəki əməliyyatında iştirak edən qruplardan birinə rəhbərlik edən belçikalı kapitan Erik Koks öz növbəsində bildirib ki, alyans qüvvələrinin Baltik regionunda gücləndirilmiş mövcudluğuna baxmayaraq, bu missiyanın effektivliyi hələ də sual altındadır.
"Buradakı mövcudluğumuzun həqiqətən də kömək etdiyini sübut etmək kifayət qədər çətindir. Əgər biz burada olmasaydıq, mütləq pis bir şey baş verəcəyini iddia etmək çətindir", - deyə Koks müsahibəsində qeyd edib.
Xatırladaq ki, yanvarın 14-də NATO-nun baş katibi Mark Rütte sualtı infrastrukturun - enerji və informasiya kabellərinin qorunması üçün Baltik dənizində "Baltic Sentry" missiyasının başladıldığını bəyan edib. Əməliyyatda alyans ölkələrinin freqatları və dəniz patrul təyyarələri iştirak edəcəklər. Missiya 25 dekabr 2024-cü ildə Finlandiya ilə Estoniya arasındakı sualtı kabelin zədələnməsinə reaksiya məqsədilə yaradılıb.