Belarusda havanın temperaturu meteoroloji müşahidələr tarixində ilk dəfə olaraq müsbət 40 dərəcəni ötüb.
Oxu.Az "BelTA" agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya, Radioaktiv Çirklənməyə Nəzarət və Ətraf Mühitin Monitorinqi Mərkəzi məlumat yayıb.
"Mütləq temperatur maksimumu saat 14:00-14:20 aralığında (Bakı vaxtı ilə saat 15:00-15:20 - red.) Pinsk şəhərində qeydə alınıb", - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, Belarusda bundan əvvəlki temperatur rekordu 2010-cu il avqustun 8-də Qomeldə qeydə alınmışdı. Həmin vaxt hava 38.9 dərəcəyədək qızmışdı.
İyunun 29-da, həmçinin Slovakiyada müşahidələr tarixi ərzində ən isti gün olub.
Rekord hava temperaturu - 41 dərəcə Turnya-nad-Bodvou məntəqəsində yerləşən meteoroloji stansiya tərəfindən qeydə alınıb.
Ölkədə bundan əvvəlki rekord - 40.3 dərəcə temperatur 2007-ci ildə qeydə alınmışdı.