İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı Birləşmiş Ştatlarla müqavilə imzalamaq məqsədilə Cenevrəyə səfər edəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti adının çəkilməsini istəməyən iranlı rəsmilərə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, iyunun 19-na planlaşdırılan imza mərasimində ABŞ tərəfini vitse-prezident Cey Di Vens təmsil edəcək. Nəşrin xəbərinə görə, bu tədbir baş tutacağı təqdirdə Vaşinqton və Tehran arasında son 47 ildə ən yüksəksəviyyəli görüş kimi tarixə düşəcək.
Bir qədər əvvəl Cey Di Vens "Fox News" telekanalına müsahibəsində sənədin imzalanması üçün ABŞ Prezidenti Donald Trampın da Cenevrəyə gedə biləcəyini istisna etməyib.
"Biz imza mərasimində dəqiq kimlərin iştirak edəcəyi ilə bağlı logistika məsələlərini hələ də həll edirik. Mən mütləq orada olacağam, lakin prezidentin özünün də iştirak etməsi ehtimalı var", - deyə o bildirib.
ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri razılaşmanın əldə olunduğunu təsdiqləyiblər. İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadinin sözlərinə görə, 60 günlük atəşkəs müddətində tərəflər İrana qarşı sanksiyaların ləğvi, ölkənin nüvə proqramı, dövlətin bərpası və iqtisadi inkişafı, eləcə də gələcək müqavilə iştirakçılarının öz öhdəliklərini yerinə yetirməsinə nəzarət mexanizmi kimi məsələləri müzakirə edəcəklər.
Nazir müavini vurğulayıb ki, danışıqların başlaması ABŞ-nin atacağı addımlardan, xüsusən də hərbi əməliyyatların dayandırılmasından, Hörmüz boğazının mühasirəsinin götürülməsindən və İran aktivlərinin dondurulmasının ləğvindən asılıdır.