Çindən Ermənistana yeni beynəlxalq multimodal marşrutun işə salınma tarixi İran-İsrail eskalasiyası səbəbindən dəyişib.
Oxu.Az-ın Ermənistan KİV-nə istinadən xəbərinə görə, bu barədə Ermənistanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Karen İvanov məlumat verib.
Daha əvvəl Ermənistan KİV-nin yazdığına görə, Çindən Ermənistana Qazaxıstan, Türkmənistan və İran üzərindən yeni nəqliyyat marşrutu iyunda işə salınmalı idi.
"Tərəflər arasında saziş imzalanıb. Biz iyunun 20-dən sonra Çinin Sian şəhərindən İrəvana ilk konteyner qatarını buraxmağı planlaşdırırdıq. Lakin İran-İsrail gərginliyi fonunda yük İran ərazisindən keçə bilməyəcəyi üçün daşınmanı ləğv etdik", - deyə İvanov bildirib.
Onun sözlərinə görə, göstərilən marşrut multimodaldır və yüklərin konteyner gəmilərində və yük maşınlarında daşınmasını nəzərdə tutur.
Marşrutun təşəbbüskarı Ermənistan tərəfi, operatoru Qazaxıstandır. Qazaxıstan və Türkmənistan üzərindən keçməklə Çindən gələn konteyner qatarı İranın "Culfa" stansiya-terminalına çatmalıdır. Oradan konteynerlər boşaldıqdan sonra yük maşınları ilə İrəvana çatdırılmalıdır.
Bu marşrut üzrə malların 25 gün ərzində Çindən Ermənistana çatdırılması nəzərdə tutulur. Bu marşrut dəniz nəqliyyatından bahadır, lakin sırf avtomobil daşımalarından ucuzdur.
Hazırda Çindən mallar Ermənistana iki marşrutla - BƏƏ (Dubay) və İran (Bəndər Abbas limanı), yaxud Afrikadan (Ümid burnu) "yan keçməklə" Aralıq dənizi vasitəsilə daxil olur.