Misirdəki uşaq evlərindən birində baş vermiş hadisə ilə bağlı çox böyük qalmaqal yaşanır. İş o yerə çatıb ki, həmin uşaq evini hərbçilər qoruyur, yaxın məhəllələrdə isə xüsusi təyinatlı polislər keşik çəkirlər.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, minlərlə, on minlərlə insan bu uşaq evində çalışmış tərbiyəçi müəllimi ələ keçirmək istəyir.
“O əclafı öldürmək, tikə-tikə etmək gərəkdir!” - uşaq evinin ətrafındakı yüzlərlə insanın ümumi tələbi belədir.
Misirin Giza şəhərindəki uşaq evlərindən birində tərbiyəçi-müəllim Usama Məhəmməd Osman yetimlərə divan tutub.
Ən kiçiyi 3, ən böyüyü isə 5 yaşında olan, valideynlərini ölkədəki iğtişaşlar və mitinqlərdə itirmiş, yetim qalmış uşaqları dəhlizə yığan Usama onları mətbəxdə “yoxa çıxmış” yarımçıq peçenye qutusuna görə sorğu-suala tutur.
“Kim yedi o peçenyeləri, hə?! Cavab verin, əclaflar, murdarlar, it uşaqları! O qutuda 4 peçenye vardı və həmin peçenyelər də mənimdi! Hanı o peçenyelər, fahişələrin doğduqları murdarlar?!” - bağıran Usama qorxularından küncə qısılmış uşaqları bir-bir dartır, əlindəki ağacla əvvəlcə onların əllərinə, sonra da bellərinə vurur.
Bununla da ürəyi soyumayan Usama Məhəmməd Osman döydüyü uşaqları təpikləyir.
4 yaşlı Yusif Səhlan başından təpik zərbəsi alır, 5 yaşlı Məryəm isə təpiklə vurulub bir kənara atılır.
Usama Məhəmməd Osman həbs olunub. Onun saxlandığı müvəqqəti istintaq təcridxanasının yeri və adı açıqlanmır.