Türkiyədə dönər, kolbasa və qiymənin tərkibinə dair tələblərin sərtləşdirildiyi - ət məhsullarının istehsalı üzrə yeni standartlar qüvvəyə minib.
Oxu.Az xəbər verir ki, ölkənin Kənd Təsərrüfatı Nazirliyinin bununla bağlı qərarı "Resmi Gazete"nin son buraxılışında dərc edilib.
Yeni sənədə əsasən, dönər, sucuq, kotlet, burger, qiymə, qovurma kimi bir sıra məşhur məhsullarda əlavə dolğuların istifadəsi qadağan olunur. İstehsalçı şirkətlər və müəssisələr üçün 31 mart 2027-ci il tarixinədək keçid dövrü müəyyən edilib.
Yenilənmiş qaydalara görə, dönər hazırlanarkən istifadə olunan ətin növünə əsasən üç kateqoriyaya ayrılır. Bütün kateqoriyalar üzrə doğranmış qırmızı ət və qiymənin miqdarı normativə salınıb.
Bununla yanaşı, yağ və duz miqdarına məhdudiyyətlər tətbiq edilib: dönərin tərkibində ümumi yağın payı 25 faizdən, duz isə 2 faizdən çox ola bilməz, ət zülalının miqdarı isə minimum 12 faiz təşkil etməlidir.
Dönər hazırlanması prosesində inqrediyent kimi qoz-fındıq, pendir, zülal tozları və protein hidrolizatlarının (süd, qatıq və yumurta zülalları istisna olmaqla) istifadəsi yolverilməzdir. Nişasta və soya məhsulları kimi dolğulara da qadağa qoyulub, ədviyyatlardan gələn nişasta və bitki zülalının nisbəti isə maksimum 1 faiz olmalıdır.
Kotlet və burgerlərdə minimum ət zülalı səviyyəsi 10 faiz müəyyənləşdirilib, yağ (25 faiz) və duz (2 faiz) limitləri qoyulub. Soya məhsulları və protein əlavələrinin istifadəsi qadağandır. Çörək, suxarı və ədviyyatlardan qaynaqlanan nişasta və bitki mənşəli zülalın miqdarı 5 faizlə məhdudlaşdırılır.
Sucukun tərkibində ümumi ət zülalı minimum 15 faiz, kollagen birləşdirici toxumanın payı ümumi ət zülalının maksimum 20 faizi qədər olmalı, pH göstəricisi isə 5.4-ü keçməməlidir. İstilik emalına məruz qalmış sucuk üçün fərqli standartlar tətbiq edilir: zülal 13 faizdən az, kollagen isə 25 faizdən çox olmamalıdır.
Quş ətindən hazırlanan qiymə və onun əsasındakı qarışıqlar bundan sonra yalnız dondurulmuş halda satışa çıxarıla bilər. Quş ətindən olan kotlet və burgerlərdə zülal 10 faizdən aşağı, yağ isə 15 faizdən yuxarı olmamalıdır. Quş əti dönərində yağ limiti 15 faiz, duz 2 faiz, zülal isə ən azı 14 faiz təşkil edir.
Məhsul etiketləri ilə bağlı da xüsusi tələblər irəli sürülüb: yeni qaydalara əsasən, məhsulun hazırlanmasında istifadə edilən heyvan mənşəli yağın mənbəyi tərkib bölməsində mütləq qeyd olunmalıdır.