Bu gün dünya yol-nəqliyyat hadisələrinin qurbanlarının xatirəsini anır.
Bununla əlaqədar BMT-nin baş katibi Pan Gi Mun xatırladıb ki, yollarda baş verən qəzalar 15-29 yaşarası gənclərin ölümünə səbəb olur. Bundan başqa hər gün məktəbə və ya uşaq bağçasına yollanan kiçik sərnişinlər və piyadalar da YNH nəticəsində həlak olurlar, Oxu.Az Rosbalt-a istinadən xəbər verir.
“Yol-nəqliyyat hadisələri çox həyata son qoyub: bu hadisələr nəticəsində hər gün məktəb və uşaq bağçasına, uşaq meydançalarına, evə, dostları ilə görüşə yollanan 500 uşaq həlak olur. Milyonlarla böyük insan da ağır xəsarətlər alır”, - BMT-nin rəhbəri bildirib.
Pan Gi Mun qeyd edib ki, bu il 2020-ci ilə qədər uzanacaq yol hərəkətinin təhlükəsizliyinin təminatına dair fəaliyyətin Onilliyi kontekstində Beynəlxalq gün sürətin artırılması ilə mübarizəyə həsr edilib.
Əlavə edək ki, 10 ay müddətində Azərbaycan ərazisində 2212 qəza baş verib, nəticədə isə 951 nəfər həlak olub, 2227 nəfər xəsarət alıb.
Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin məlumatına görə hesabat dövrü ərzində respublika ərazisində YNH nəticəsində 16 yaşına çatmamış 85 uşaq həlak olub, 195 nəfər isə yaralanıb.
Ötən ilin analoji dövrü ərzində qəzaların sayı 85, həlak olanların sayı 18, yaralananların sayı isə 102 fakt azalıb.