Finlandiya hökuməti ABŞ-nin PURL proqramı çərçivəsində Ukrayna üçün 100 milyon avro dəyərində silah alınmasını təsdiqləyib.
Oxu.Az-ın "Helsingin Sanomat" qəzetinə istinadən xəbərinə görə, bu barədə ölkənin Baş naziri Petteri Orpo məlumat verib.
Məlumata görə, silah alışı Finlandiya hökumətinin borc aldığı vəsait hesabına maliyyələşdiriləcək. Hökumətin dövlət borcunu ödəmək üçün xərcləri azaltmaq istəyinə baxmayaraq, baş nazir qeyd edib ki, xərclərin növbəti dəfə azaldılması gözlənilmir.
"Dövlət borcunun artacağına baxmayaraq, seçim edilib. Ukraynada vəziyyət kritik olaraq qalır. Biz onlara kömək etməliyik. Bütün Skandinaviya və Baltikyanı ölkələr fəal iştirak etdiyi bir halda biz kənarda qala bilmərik", - deyə Petteri Orpo bildirib.
Qeyd edək ki, PURL proqramı iyulun 14-də ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən işə salınıb. Bu mexanizmə əsasən, alyans müttəfiqləri ABŞ-nin ehtiyatlarından Ukrayna üçün silah alırlar. Finlandiya bu təşəbbüsə qoşulduğunu oktyabr ayında elan edib.