Böyük Britaniyada müxalifətdə olan Mühafizəkarlar Partiyasının kölgə daxili işlər naziri Kris Filp bildirib ki, Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmi La-Manş boğazında onun olduğu gəminin yaxınlığında bir neçə xəbərdarlıq atəşi açıb.
Oxu.Az xəbər verir ki, siyasətçi bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Bu gün La-Manş boğazındayam və qeyri-qanuni keçidləri izləyirəm. BBC mənimlə müsahibə apararkən Fransa hərbi gəmisi yaxınlaşdı və arxamızda 17 dəfə atəş açdı. Bununla bağlı əvvəlcədən heç bir xəbərdarlıq edilməmiş, hərbi təlim keçirildiyi barədə də məlumat verilməmişdi. Bu, xəbərdarlıq atəşi və ya bizi qorxutmaq cəhdi kimi görünürdü", - deyə Filp bildirib.
"Sky News" telekanalının məlumatına görə, Böyük Britaniya hökuməti insidentin bütün təfərrüatlını öyrənmək üçün Fransa hakimiyyəti ilə əlaqə saxlayıb.
Filpin sözlərinə görə, Fransa on minlərlə qeyri-qanuni miqrantın La-Manş boğazı vasitəsilə Böyük Britaniyaya keçməsinin qarşısını almaq üçün, demək olar ki, heç nə etmir.
O əlavə edib: "İndi isə görünür, həqiqəti üzə çıxarmağa çalışan hər kəsi qorxutmağa çalışırlar".
Qeyri-qanuni miqrasiya problemi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından (Brexit) sonra daha da kəskinləşib. 2018-ci ildən bəri 205 mindən çox qeyri-qanuni miqrant şişmə qayıqlarla La-Manş boğazını keçərək Böyük Britaniyaya daxil olub.
Xatırladaq ki, bu ilin aprelində Böyük Britaniya və Fransa La-Manş boğazında qeyri-qanuni miqrasiyaya nəzarətin gücləndirilməsi ilə bağlı saziş imzalayıblar. Sazişə əsasən, London Parisə bu məqsədlə 660 milyon funt sterlinq (təxminən 890 milyon ABŞ dolları) ayıracaq. Vəsait əsasən miqrantların Böyük Britaniyaya keçməyə cəhd göstərdiyi Şimali Fransa sahillərində patrul xidmətinin gücləndirilməsinə yönəldiləcək.