Fransanın Nitsa şəhərində icazəsiz etiraz aksiyasının iştirakçıları polis əməkdaşlarına və ticarət obyektlərinə hücum edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə yerli qurumlar rəsmi məlumat yayıblar.
Məlumata görə, Nitsa şəhərinin mərkəzində qeydiyyata alınmamış etiraz aksiyası keçirilir. Medsen prospektində və dəmiryol vağzalının ətrafında hərəkət edən qara geyimli, maskalı şəxslər asayiş keşikçilərinə və mağazalara hücum edirlər.
BFMTV telekanalının məlumatına əsasən, nümayiş əvvəlcə dinc xarakter daşısa da, sonradan polis əməkdaşları ilə etirazçılar arasında toqquşmalar başlayıb.
Bu gün Fransada hökumətin iqtisadi siyasətinə və qiymət artımına qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb.
Məlumata görə, oktyabrın 17-də aksiyalarda müxtəlif qrupların nümayəndələri - məktəblilər, ultrasolçu fəallar, "sarı jiletlilər" hərəkatının keçmiş üzvləri, tibb bacıları, taksi sürücüləri, həmkarlar ittifaqlarının nümayəndələri və inşaatçılar iştirak edirlər.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə təxminən 500 etiraz aksiyasının keçirilməsi planlaşdırılıb.