Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərinin bazarında baş verən silahlı insident ölümlə nəticələnib.
Oxu.Az 24News.ge-yə istinadən xəbər verir ki, yaralı vəziyyətdə xəstəxanaya çatdırılan 27 yaşlı gənc tibbi müdaxilələrə baxmayaraq, "Aversi" klinikasında həyatını itirib.
Məlumata əsasən, gəncin ölüm xəbərindən sonra klinikada qarşıdurma yaranıb, bununla əlaqədar hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər və insanları çölə çıxarıblar.
Mövcud məlumata əsasən, güllə yarası alan atanın vəziyyəti isə stabildir. Hadisənin başvermə səbəbləri və təfərrüatı araşdırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu maddəsi üzrə istintaq aparılır. Sözügedən maddə qəsdən adam öldürməyə cəhd hallarını nəzərdə tutur.
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərinin bazarında güllələnmə hadisəsi baş verib.
Oxu.Az 24News.ge-yə istinadən xəbər verir ki, hadisə qızıl mağazalarından birində qeydə alınıb.
Məlumata görə, mağazada olan satıcı və onun oğluna naməlum şəxs tərəfindən bir neçə dəfə atəş açılıb və o, hadisə yerindən qaçıb. Hücumdan sonra hər iki yaralı ətrafdakı insanların köməyi ilə xəstəxanaya aparılıb.
Ərazidə olan satıcıların iddialarına görə, cinayət hadisəsi kriminal aləmin üzvləri ilə əlaqəli ola bilər, lakin dəqiq səbəb hələ məlum deyil.
Əraziyə ekspert-kriminalist qrup cəlb olunub, faktla bağlı araşdırma aparılır.