Almaniyanın Haitidəki səfiri çox gərgin təhlükəsizlik vəziyyəti səbəbindən ölkəni tərk edərək qonşu Dominikan Respublikasına yollanıb.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyindən xəbər verilib.
Bildirilib ki, almaniyalı diplomatla birlikdə Aİ nümayəndə heyətinin nümayəndələri də qonşu ölkəyə səfər ediblər.
“Onlar hələlik oradan işləyəcəklər”, - deyə XİN-dən qeyd edilib.
Bir müddət əvvəl isə ABŞ Haitidəki səfirliyinin əməkdaşlarını təxliyə edib.
Haitidə iğtişaşlara görə səfirlər və Aİ diplomatları ölkəni tərk etdilər - FOTO/VİDEO
Qeyd edək ki, son günlər Haitidə silahlı dəstələr tərəfindən polis məntəqələrinə, həbsxanalara və məhkəmə binalarına silsilə hücumlar baş verib. Kütləvi informasiya vasitələrinin məlumatına görə, hazırda dəstələr Haitidə paytaxtın 80 faizinə, eləcə də ölkənin qalan hissəsində nəqliyyat əlaqələrinə nəzarət edirlər. Haitidəki hər iki beynəlxalq hava limanı qarşıdurmaların baş verməsi səbəbindən bağlanıb.
Martın əvvəlindən Haitidə hökumət və infrastruktur obyektlərinə hücumlar davam edir. Ölkədə fövqəladə vəziyyət və komendant saatı tətbiq edilib. Martın 9-da silahlı qruplar paytaxt Port-o-Prinsdə hökumət binalarına, polis bölmələrinə, Daxili İşlər Nazirliyinə və prezident sarayına hücum edib.
Vəziyyət Haitinin baş naziri vəzifəsini icra edən Ariel Henrinin ölkədə olmadığı (Keniyada səfərdə idi) zaman gərginləşib. Port-o-Prins yaxınlığındakı atışma səbəbindən Henri Haitiyə qayıda bilməyib və onun təyyarəsi ABŞ-yə bağlı Puerto-Riko ada əyalətinin ərazisinə enməyə məcbur olub.
Haitidə iğtişaşların alovlanmasına səbəb Anrinin Karib hövzəsi liderlərinin görüşündə 2025-ci ilin ortalarında ümumi seçkinin keçirilməsi ilə bağlı razılaşması olub. “G9 və Ailə” qrupuna başçılıq edən keçmiş elit polis məmuru Cimmi Çerizierin başçılıq etdiyi Haiti quldur dəstələri qərarı tənqid edib və baş naziri istefa vermədiyi təqdirdə vətəndaş müharibəsi ilə hədələyiblər.
Henrinin razılaşdığı seçki, 2021-ci ilin iyulunda ölkə prezidenti Jovenel Moizin öldürülməsindən sonra Haiti üçün ilk olacaq. Hazırda Haitidə nə prezident, nə də parlament var. BMT-nin məlumatına görə, son beş ildə ölkədə humanitar yardımdan asılı insanların sayı iki dəfə artıb.
Mənbə: dw.com
Rəylər