Pakistana səfər edən Hindistanın baş naziri Narendra Modi pakistanlı həmkarı Məhəmməd Navaz Şərifin nəvəsinin toyunda iştirak edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Twitter sosial şəbəkəsində Hindistan Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Vikas Svarup yazıb.
“Xüsusi jest — Hindistanın baş naziri Şərifin evinə onun nəvəsinin toyunda iştirak etmək üçün qonaq gedib. Gəlinə xeyir-dua verən baş nazir Rayvindi tərk edib. Onu Pakistanın baş naziri Şərif yola salıb”, - yazıda bildirilir.
Onun sözlərinə görə, baş nazirlər iki ölkə arasında olan münasibətləri müzakirə ediblər. Danışıqların təfərrüatı barədə məlumat verilmir.